İran Transxəzərə əngəl olmaq istəyir – Hədəf:Türkmənistan
İlham Şaban: “İran tərəfinin bu açıqlaması sırf siyasi bəyanatdır”
İran Milli Qaz Şirkətinin (NIGC) beynəlxalq əlaqələr üzrə direktoru Əzizullah Ramazani bildirib ki, Azərbaycan və Türkmənistan qazı İran vasitəsilə Avropaya daşına bilər: “Bizim təklifimiz-Azərbaycan və Türkmənistan qazının İranda qəbulu, daha sonra Türkiyə vasitəsilə Avropaya tranzitidir, çünki bu marşrut qazın Avropaya ixracı üçün ən sərfəli marşrutdur”.
Onun sözlərinə görə, müvafiq infrastrukturun təşkil olunması ilə bağlı hazırlıqlar siyasi maneələrin aradan qaldırılmasından sonra başlaya bilər. A.Ramazani həmçinin əlavə edib ki, Türkmənistan qazının Xəzər dənizinin dibi ilə sualtı boru kəmərləri ilə Azərbaycandan Avropaya ixrac planı çox bahalı və sərfəli olmayacaq.
Məsələ ilə bağlı Yenicag.az-a açıqlamasında neft məsələləri üzrə ekspert İlham Şaban İran tərəfinin bu açıqlamasının sırf siyasi bəyanat olduğunu söylədi: “İran belə bəyanatları ilk dəfə deyil ki, səsləndirir. Mütəmadi olaraq o bu cür açıqlamalarla çıxış edib. Əsasən də, Transxəzər qaz layihəsi gündəmə gələn ərəfədə və ya Türkmənistan qazına diqqət artanda ondan belə fikirlər səslənir. Burada Azərbaycanın adının çəkilməsi sırf texniki məsələdir. Hamı bilir ki, Azərbaycan iki ildən çoxdur “Şahdəniz-2” və cənub qaz dəhlizini reallaşdırır. Ona görə də İranın bu təklifi tamamilə Türkmənistana ünvanlanıb. Əsas məqsəd də Türkmənistanı fikrindən yayındırmaq, onun qarşısında əngəlliklər törətmək, onu Transxəzər layihəsindən vaz keçməyə yönəltməkdir. İran Milli Qaz Şirkətinin beynəlxalq əlaqələr üzrə rəhbəri diplomatik bir ifadə işlədərək deyib ki, İran üzərindən Türkmənistan qazının tranziti siyasi maneələr aradan qaldırıldığı halda mümkün olar. Bu siyasi maneələr isə İrana qarşı yönələn sanksiyalardır. Bunlar aradan qalxsa, İranın özü qazını ixrac edə bilər. Bu gün İran qazı da gəlib Türkiyə üzərindən, Ərzuruma gəlir. Burada isə həm də TANAP-ın sistemi başlayır. Başqa magistral yoxdur ki, onu Qərbə daşısın. Yəni bu qədər zaman və əziyyət əvəzinə, İran 300 km xətt çəkib Sanqaçal vasitəsilə Cənub Qaz Kəmərinə qoşula bilər və qazını Qərbə daşıya bilərdi”.
Rüfət