İran üçün SON ŞANS: “Ya ABŞ-ın şərtlərini qəbul etməlidir, ya da...”
“İran fəlakətin bir addımlığındadır”.
Bu sözləri Yenicag.az-a açıqlamasında siyasi şərhçi Azər Həsrət bildirib.
Şərhçi İranın üzləşdiyi böhranın miqyasını detallı şəkildə təhlil edib:
“İndiki şəraitdə İranın çevik qərar verməsi həyati əhəmiyyət kəsb edir. Ölkə həqiqətən də faciəvi bir durumda, fəlakət həddindədir. İstər neft istehsalı və ixracı, istərsə də daxili və xarici siyasi vəziyyətlə bağlı rəsmi Tehran olduqca acınacaqlı bir duruma düşə bilər”.
Siyasi şərhçi İranda ərzaq təhlükəsizliyi ilə bağlı yaranmış gərginliyə də diqqət çəkib:
“Ölkədə ərzaq məhsullarının tükənməsi ilə bağlı çox ciddi məlumatlar daxil olmaqdadır. Eyni zamanda, rabitə, kommunikasiya və nəqliyyat problemləri də özünü kəskin şəkildə göstərir. Hava məkanı faktiki olaraq istifadəsiz qalıb; ABŞ və İsrailin ağır cavab zərbəsi endirəcəyi qorxusundan mülki təyyarələr belə havaya qalxa bilmir”.
A. Həsrət İranın mövcud böhrandan mümkün çıxış yollarını da sadalayıb:
“İran tezliklə Amerikanın əsas şərtlərini qəbul etməli və buna uyğun davranmalıdır. İlk növbədə nüvə silahı yaratmaq iddialarından birdəfəlik imtina edilməlidir. Digər tərəfdən isə ABŞ-la masa arxasına oturub razılığa gəlmək, Hörmüz boğazı ilə bağlı gərginliyi aradan qaldırmaq və daxili islahatlarla bağlı fundamental addımlar atmaq mütləqdir. Bu addımlar atılmasa, İran fəlakətin dibinə sürüklənməyə davam edəcək”.
Nurlan Cəfəri













