“Şübhəsiz ki, onun qətli xüsusi olaraq hazırlanmış icraatdır”.
Yenicag.az xəbər verir ki, bu fikirləri Tehran rejimini son etiraz aksiyalarına görə sərt tənqid edən, bəlucların milli hüquqlarının pozulduğunu bildirən sünni din xadimi Mövləvi Əbdülvahid Riqininin dekabrın 9-da oğurlanaraq qətlə yetirilməsi haqqında fikirlərini bölüşən Yaxın Şərq ölkələri üzrə ekspert Vüqar Zifəroğlu deyib.
Vüqar Zifəroğlu Riqininin qətlinin xüsusi hazırlanmış icraat olduğunu qeyd edib:
“İranın ali rəhbəri ayətullah Seyid Əli Xameneyi isə bəlucların dini lideri Riqininin qətli ilə bağlı başsağlığı yayımlayıb.
Bizim internet portallarımız və qəzetlərimiz isə mətni düzgün tərcümə etməyiblər, nəticədə mətndə qətlin “rus muzdluları” tərəfindən həyata keçirildiyinin yer aldığı barədə informasiya gedib və hətta buna “ekspertlərimiz” münasibət bildirib. Əslində, bəyanatda fars dilində “qatelan rusiyahənd” (yəni, “qatillər üzüqaradırlar”) ifadəsi işlənib, yəni burada rus muzdlularından söhbət getmir. Həm həmkarlarımızdan, həm də çox hörmətli ekspertlərimizdən Yaxın Şərq, xüsusilə İranla bağlı məsələlərə münasibət bildirərkən diqqətli olmalarını xahiş edirəm.
Vurğulamaq istərdim ki, Riqini yalnız Sistan-Bəlucistan əyalətində deyil, ümumiyyətlə, İran əhli-sünnüicameəsində böyük nüfuza malik din xadimi idi. Şübhəsiz ki, onun qətli xüsusi olaraq hazırlanmış icraatdır. Burada iki əsas versiyanın hər ikisi mümkün hesab edilə bilər:
Birinci, qətli Tehran rejiminə bağlı qüvvələr həyata keçirib. Məqsəd sünni icmasını, xüsusilə də bəlucları lidersiz qoymaq, hərəkatı zəiflətmək, hətta hərəkatda önə çıxan digər liderlərin gözlərini qorxutmaqdır;
İkinci, qətli prosesin daha kəskin qarşıdurmaya keçməsində maraqlı olan xarici xüsusi xidmət orqanları həyata keçirib. Məqsəd qisasçılıq hissləri üzərində qarşıdurmanı daha da körükləmək, sünni icmasının mübarizəsini daha da stimullaşdırmaqdır.
Səbəbin hansı olmasından asılı olmayaraq, Riqininin qətli ciddi nəticələrə səbəb ola bilər”.
www.yenicag.az