İranda kəşfiyyatların gizli “radio savaşı”: Avropadan yayılan şifrəli siqnalların sirri

media-hightechnic-468x90

Dünya mediasında maraqlı iddia irəli sürülüb. Qərb mətbuatının yazdığına görə, qısa dalğalı radio üzərindən fars dilində yayımlanan şifrəli rəqəm mesajları yenidən efirdə görünməyə başlayıb.

media-banner_tuq

Yenicag.az xəbər verir ki, bu, “say stansiyaları” (numbers stations) kimi tanınan və uzun illər kəşfiyyat xidmətlərinin istifadə etdiyi ən sirli rabitə üsullarından birinin geri qayıtdığını göstərir.

Britaniyanın nüfuzlu “Financial Times” qəzeti yazır ki, bu radio siqnalları ABŞ və İsrail ilə İran arasında artan hərbi gərginlik fonunda aparılan gizli kəşfiyyat müharibəsinin bir hissəsi ola bilər.

Şifrəli mesajın sirli başlanğıcı

Məlumata görə, yayımlar sadə, lakin diqqətçəkən bir mesajla başlayır. Qısa dalğa radiosunda eşidilən kişi səsi əvvəlcə farsca üç dəfə “diqqət” sözünü deyir, daha sonra isə sabit tonla rəqəmlər oxumağa başlayır:

“Altı… dörd… sıfır… doqquz… üç… doqquz…”

Qəzet bildirir ki, bu cür yayımlar fevralın 28-də – ABŞ və İsrailin İrana qarşı ilk hücumlarından cəmi bir neçə saat sonra başlayıb. Siqnalların Qərbi Avropada yerləşdiyi ehtimal edilən bir ötürücüdən, uzunməsafəli qısa dalğa radiosu vasitəsilə yayımlandığı güman olunur.

“Agentlərlə əlaqə üçün ehtiyat kanal”

Keçmiş kəşfiyyat mütəxəssisləri hesab edirlər ki, bu radio yayımının ortaya çıxması İran daxilində davam edən kəşfiyyat qarşıdurmasının yeni mərhələyə keçdiyini göstərə bilər.

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) sabiq əməkdaşı Con Sayfer qəzetə açıqlamasında bildirib ki, bu siqnallar böyük ehtimalla İran daxilindəki agentlərlə əlaqə saxlamaq üçün istifadə olunan ehtiyat rabitə vasitəsidir. Onun sözlərinə görə, xüsusilə gərginlik dövründə kəşfiyyat xidmətləri sahədəki agentlərlə əlaqəni itirmək riskini qəbul edə bilməz.

İran siqnalları boğmağa çalışdı

Bir neçə gün sonra isə həmin radio siqnallarını kəsmək üçün elektron səslər və fitə bənzər parazitlər yayılmağa başlayıb. Ekspertlər bunun İranın radio yayımını pozmaq üçün həyata keçirdiyi müdaxilə əməliyyatı ola biləcəyini düşünürlər.

Lakin iddialara görə, sirli səs qısa müddət sonra başqa tezlikdə yenidən efirə qayıdıb və rəqəmləri oxumağa davam edib. Bu isə belə yayımları tam şəkildə bloklamağın nə qədər çətin olduğunu göstərir.

“Say stansiyaları” necə işləyir?

“Financial Times” yazır ki, söhbət kəşfiyyat xidmətlərinin agentlərə şifrəli təlimatlar göndərmək üçün istifadə etdiyi “say stansiyaları”ndan gedir. Bu sistemdə sahədə olan agent radiodan eşitdiyi rəqəmləri xüsusi dəftərə yazır və sonra şifrələmə açarlarından istifadə edərək onları gizli mesajlara çevirir. Mesajlar tam şifrələndiyi üçün onları kənar şəxslərin deşifrə etməsi demək olar ki, qeyri-mümkündür.

Üstəlik, radio siqnallarını hər kəs dinləyə bildiyi üçün mesajı məhz kimin qəbul etdiyini müəyyənləşdirmək qeyri-mümkündür. Qısa dalğa radio müşahidəçiləri bu yeni stansiyanı V32 kodu ilə qeydiyyata alıblar. Bildirilir ki, bu, təxminən 25 ildən sonra fars dilində yayımlanan ilk belə “say stansiyası”dır.

Gündə iki dəfə efirdə

Məlumata görə, radio yayımı İran vaxtı ilə hər gün səhər saat 05:30 və axşam 21:30-da efirə çıxır. Hər bir yayım təxminən bir saat yarım davam edir. Keçmiş ABŞ əks-kəşfiyyat zabiti Kris Simmons bildirib ki, say stansiyaları agentlər üçün ən sadə və təhlükəsiz rabitə vasitələrindən biridir. Onun sözlərinə görə, belə agentlərin yanında yalnız adi radio və təhlükə zamanı dərhal məhv edilə bilən, birdəfəlik şifrələmə açarları olan kiçik dəftər olur.

Psixoloji müharibə ehtimalı

Bəzi ekspertlər isə başqa ehtimalları da irəli sürürlər. Keçmiş ABŞ kəşfiyyat rəsmisi Robert Qorelik hesab edir ki, bu yayım İran daxilindəki müxalif şəbəkələrlə əlaqə üçün də istifadə oluna bilər.

Digər versiyaya görə isə bu, psixoloji müharibənin bir hissəsidir. Belə ki, yalnız şifrəli mesajların yayımlanması belə İran təhlükəsizlik xidmətlərində ölkə daxilində gizli agentlərin olması ilə bağlı şübhələri gücləndirə bilər. Bu isə təhlükəsizlik qurumlarını “kabuslar” axtarmağa məcbur edərək sistem daxilində əlavə gərginlik yarada bilər.

Köhnə üsul hələ də işləyir

Soyuq müharibə dövründən sonra say stansiyalarının sayı azalsa da, onlar tamamilə yox olmayıb. Kəşfiyyat mütəxəssisləri hesab edirlər ki, Rusiya, Polşa, Tayvan və Şimali Koreya kimi ölkələr hələ də bu texnologiyadan istifadə edirlər.

Ekspertlər bildirirlər ki, rəqəmsal rabitənin ciddi şəkildə izlənildiyi müasir dünyada bəzən ən köhnə üsullar ən təhlükəsiz rabitə vasitəsinə çevrilir. Buna görə də bəzi kəşfiyyat xidmətləri gizli mesajların ötürülməsi üçün yenidən Soyuq müharibə dövrünün bu sınanmış metoduna qayıdırlar.

Amir Aqiloğlu

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05