İranda vəziyyət gərginləşir: THY, "AJet" və "Pegasus" uçuşları TƏXİRƏ SALDI
İranda iqtisadi böhran səbəbindən başlayan etiraz aksiyaları 12-ci gününə daxil olub. Ölkədə gərginliyin artması və təhlükəsizlik riskləri fonunda Türkiyənin nəhəng aviaşirkətləri bu ölkəyə reysləri dayandırıb.
Yenicag.az Türkiyə mediasına istinadən xəbər verir ki, “Türk Hava Yolları” (THY), “AJet” və “Pegasus” Tehran, Təbriz və Məşhəd istiqamətində uçuşları ləğv edib.
THY-nin yaydığı rəsmi açıqlamada deyilir: “İranda yaşanan regional hadisələr səbəbindən 9 yanvar cümə və 10 yanvar şənbə tarixlərində Tehran, Təbriz və Məşhəd şəhərlərinə planlaşdırılan toplam 17 səfərimiz ləğv edilib”.
Eyni addımı atan “AJet” şirkəti Tehrana olan 6 reysini dayandırıb. “Pegasus” isə hələlik yalnız bugünkü uçuşları ləğv etdiyini, sabahkı reyslərlə bağlı qərarın vəziyyətə uyğun veriləcəyini duyurub.
İranın milli valyutasının kəskin dəyər itirməsi və ağır iqtisadi şəraitə etiraz olaraq Tehranın “Qapalı Çarşı” esnafının başladığı aksiyalar artıq bütün ölkəyə yayılıb. Rəsmi Tehran itkilər barədə hələ də susur. Lakin ABŞ-da mənzillənən HRANA agentliyinin məlumatına görə, vəziyyət kritikdir
Yarı-rəsmi “Tesnim” agentliyinin məlumatına görə, toqquşmalarda 568 polis və 66 “Besic” (könüllü təhlükəsizlik qüvvəsi) üzvü yaralanıb.
Analitiklər qeyd edir ki, aviaşirkətlərin bu qərarı bölgədəki hərbi-siyasi risklərin artmasının və etiraz dalğasının daha da böyümə ehtimalının göstəricisidir.
Məsimə Məmmədova












