İranın işə yaramaz müdafiə sistemləri: “Azərbaycanın arsenalından çıxardığı döyüş təyyarələri…” – RƏY

“İran əlində olan vasitələrlə hava məkanını qoruya bilməz. Köhnə sistemlər, köhnə radarlar müasir texnologiya qarşısında acizdir”.

Bunu İrana endirilən dron zərbələri, bunun nəticəsində üzə çıxan reallıqlar və İran hava hücumundan müdafiə sisteminin vəziyyətini şərh edən Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin Hərbi Polisinin keçmiş rəisi, ehtiyatda olan polkovnik, hərbi ekspert Rövşən Məhərrəmov Yenicag.az-a açıqlamasında deyib.

Rövşən Məhərrəmov bildirib ki, İran hava hücumundan demək olar ki, qorunmur:

“İsrail dövləri rəsmi olaraq bəyan etdi ki, İrana endirilən dron zərbələrini onlar həyata keçirib. İsrail hətta bildirdi ki, onların bu işinə heç bir dövlət müdaxilə edə bilməz və edənləri də cavabsız qoymayacaqlar.

İranın hava hücumundan müdafiə sistemləri sovetdən qalmadır. İran sonuncu dəfə 2009-cu ildə Rusiyadan S-300 silahı alıb. Görünür ki, hava hücumundan müdafiə sistemləri ərazinin qorunmasına kifayət etmir. Hava hücumundan müdafiə sistemlərinin zəif olması və radarların köhnəlməsinə görə İran hava məkanını tam şəkildə qoruya bilmir.

İsrail ancaq hərbi, strateji obyektləri və neftayırma zavodlarını hədəf alıb. İran isə cəmi bir dronu zərərsizləşdirə bilib.

Bəzi ölkələr, misal üçün Türkiyə, İsveç, Almaniya hava məkanını təkcə qurudan yox, həm də havadan qoruyur. Türkiyə F-16-lara elə sistemlər yerləşdirib ki, havadan gələn təhlükəni aradan qaldıra bilir, raket və dronları vura bilir. İranda isə bu da yoxdur. Azərbaycanın belə arsenalından çıxardığı MİQ-21 döyüş təyyarələri İranda hərbi hava qüvvələri tərəfindən istifadə olunur. O cür təyyarələrə hansısa başqa sistemin qurulması mümkünsüzdür. İranın ən zəif yeri məhz hava məkanıdır. Bunu ABŞ və İsrail də bilir. Ona görə də müharibə olarsa, İranın işi çox çətin olacaq”.

Səxavət Məmməd