İranın parçalanma təhlükəsi: Kürd amili bölgədəki müharibəni daha da qızışdırır
“İrandakı kürdlər mövcud münaqişədən istifadə edərək bölgədə muxtariyyət əldə etməyə çalışırlar”.
Bu sözləri Yenicag.az-a açıqlamasında politoloq Elşad Mirbəşiroğlu bildirib.

Politoloq İranda baş verənlər fonunda kürdlərin quru əməliyyatlarına keçməsini və regiondakı vəziyyəti şərh edib:
“Ümumiyyətlə, Yaxın Şərq regionunda kürd amili kifayət qədər təsirlidir və əsasən müəyyən geosiyasi şərtlər daxilində özünü göstərir. Konkret olaraq, indiki şəraitdə kürdlərin məqsədini müəyyənləşdirmək çətin deyil. Kürd liderləri özləri bunu açıq şəkildə bəyan edirlər. Belə ki, İran ərazisindəki beş əsas qruplaşma birləşərək “İran kürdləri” siyasi birliyini elan ediblər. Onların əsas hədəfi İrandakı hazırkı rejimin devrilməsidir. Kürdlərin bu istəyi ilə ABŞ-ın maraqları üst-üstə düşür. İstisna deyil ki, bu məsələdə ABŞ tərəfindən müəyyən koordinasiya da mövcuddur”.
Ekspert vurğulayıb ki, kürdlərin mübarizəsi yalnız bugünkü rejimlə bağlı deyil, tarixi bir xarakter daşıyır:
“Digər hədəfləri muxtariyyəti təmin etməkdir. Tarixən İran ərazisində kürdlər muxtariyyət uğrunda mübarizə aparıblar və mərkəzi hakimiyyətlə tez-tez qarşı-qarşıya gəliblər. Bu mübarizə təkcə indiki rejim dövründə deyil, şah Pəhləvi və ondan əvvəlki dövrlərdə də mövcud olub. Xatırlayırsınızsa, 2022-ci ildə İranda kütləvi iğtişaşlar baş verəndə kürdlər ciddi şəkildə fəallaşmışdılar”.
Politoloq, eyni zamanda, İranın dövlət idarəçiliyində kürdlərin roluna da toxunub:
“İranın hakimiyyətində kürd əsilli vəzifəli şəxslər çalışsa da, onlar bunu yetərli hesab etmir və daha geniş hüquqlar tələb edirlər. Kürdlərin kompakt yaşadığı ərazilərin sosial-iqtisadi vəziyyəti isə ürəkaçan deyil. Onlar hesab edirlər ki, bu problemlər aradan qaldırılmalıdır. Məhz buna görə də kürdlər bu ilin fevralından etibarən siyasi proseslərdə aktivləşiblər. Onlar muxtariyyətə çatmaq üçün şans görür və mövcud vəziyyətdən yararlanmağa çalışırlar. Kürdlərin quru əməliyyatlarında iştirakı və İranın buna qarşılıq verməsi regiondakı onsuz da gərgin olan vəziyyəti daha da ağırlaşdıracaq”.
Nurlan Cəfəri













