“Azərbaycanlı namizəd Məsud Pezeşkianın prezident seçilməsi İran cəmiyyətinin islahata önəm verməsinin parlaq nümunəsi idi”.
Bunu Yenicag.az-a açıqlamasında İranda keçirilən prezidenti seçkilərində azərbaycanlı namizəd Məsud Pezeşkianın qalib olmasının Azərbaycanla münasibətlərə təsirindən danışan VI çağırış Milli Məclisin deputatı Aydın Hüseynov deyib.
Onun sözlərinə görə, Azərbaycan İran da daxil olmaqla hər bir qonşu dövlət ilə dostluq, qarşılıqlı etimad əlaqələrini gücləndirməyə üstünlük verib.
“Lakin bəzi məqamlarda İranın Azərbaycana qarşı münasibətinin səmimi olmadığı görünürdü. İyulun 5-i keçirilən prezident seçkilərində Azərbaycanlı namizəd Məsud Pezeşkianın prezident seçilməsi İran cəmiyyətinin islahata önəm verməsinin parlaq nümunəsi idi. İslahatçı şəxsin İran cəmiyyətinə yeni baxış gətirəcəyi heç bir şübhə doğurmur. Əlavə olaraq, Azərbaycan əsilli birinin yeni prezident olması da mühüm faktorlardan biridir. Çünki bu amil İranda siyasəti Ali Dini Şuranın təyin etməsinə baxmayaraq, həm Türk Dünyası, həm də Azərbaycanla əlaqələrə müsbət təsir edəcək, yeniliklər gətirəcək”, – deyə deputat bildirib.
Nəsimi Ələsgərli
www.yenicag.az