!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İranın xarici siyasətindən GÖZLƏNTİLƏR: “Pezeşkian Azərbaycanla bağlı bu kursu davam etdirəcək”

!Reklam – Yazi

“İranın xarici siyasi kursunu prezident müəyyən etmir. Bu baxımdan, İsrail, Türkiyə, Azərbaycan və s. ölkələrə münasibətdə də həyata keçiriləcək siyasi kursu Məsud Pezeşkian müəyyənləşdirməyəcək”.

Bu sözləri Yenicag.az-la söhbətində Orta Doğu Araşdırmaları Mərkəzinin sədri, iranşünas Sədrəddin Soltan deyib.

Analitik İranın yeni seçilmiş prezidenti Məsud Pezeşkianın siyasət konsepsiyasından söz açıb.

S. Soltan diqqətə çatdırıb ki, ötən gün “Hizbullah”ın lideri Həsən Nəsrullahın Pezeşkiana məktubu və Pezeşkianın Nəsrullaha cavab məktubu sübut edir ki, yeni islahatçı hökumət İranın İsrailə Yaxın və Orta Şərqə yönəlmiş siyasətini davam etdirəcək və bununla bağlı yeni bir hadisə baş verməyəcək:

“Türkiyə ilə İran arasında da Ərdoğan hakimiyyətə gəldikdən sonra münasibətlərdə normallaşma, yumşalma və s. bu kimi müsbət istiqamətdə hadisələr baş verdiyindən bu, İbrahim Rəisi hökumətində də davam edib və hesab edirəm ki, Pezeşkian da bunu davam etdirəcək.

Azərbaycanla münasibətlərə gəldikdə, İran hakimiyyətinin yürütdüyü yanlış siyasət ucbatından bir çox problemlər yaranıb və bu problemlər İbrahim Rəisinin hökumətə başçılıq etdiyi vaxtda aradan qaldırılmışdı və mənə elə gəlir ki, Pezeşkian da bu kursu davam etdirəcək”.

Onun sözlərinə görə, birmənalı olaraq, bu məsələni bilmək lazımdır ki, Pezeşkian dövlət başçısı deyil:

“Əksinə, o, icra strukturunun başçısı, prezidentdir. Dövlətin başçısı isə Ayətullah Seyid Əli Xamneyidir. Yəni ali rəhbər odur və ölkənin daxili, xarici, fundamental siyasi kursunu o müəyyən edir. Pezeşkian və onun kabineti yalnız və yalnız ali rəhbərin və ali rəhbərlik institutunun təsdiqlədiyi xarici və daxili siyasi kursun icraçılarıdır”.

“Ona görə də Pezeşkian müstəqil şəkildə nə Azərbaycana, nə İsrailə, nə Türkiyəyə yönəlmiş siyasət yürütməyə, yaxud əlavə bir konsepsiya filan təqdim etməyə qadir deyil. Daha doğrusu, bu, İran qanunlarına görə yanlışdır. İran qanunlarında və konstitusiyada prezidentin belə bir səlahiyyəti göstərilmir. Bu tip məsələləri Pezeşkianın çiyninə yükləmək onu qanundankənar fəaliyyətə sürükləməkdir. Çünki prezident Xamneyinin tapşırıqlarını yerinə yetirməklə hökmlüdür”, – deyə o, yekunlaşdırıb.

Rafi Müslümov

COP29

www.yenicag.az

204
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv