“İranın yeni prezidenti Qərblə məhdud qarşılıqlı əlaqənin tərəfdarı olan islahatçıdır. Belə bir siyasət İranın nüvə proqramı və Yaxın Şərqdəki rolu ilə bağlı gərginliyi azalda bilər”.
Yenicag.az xəbər verir ki, bu barədə nüfuzlu “The Washington Post” nəşri “İranın yeni prezidenti haqqında bilməli olduğumuz şeylər” adlı məqaləsində qeyd edib.
Qəzet yazır ki, Pezeşkian növbədənkənar seçkilərdə iştirak etməyə icazə verilən yeganə islahatçı olmamışdan əvvəl İrandan kənarda az tanınırdı.
“Ürək cərrahı və İran-İraq müharibəsi veteranı, parlament üzvü və keçmiş səhiyyə naziri Pezeşkian məhdud dəyişikliyi müdafiə etsə də, lakin heç vaxt İranın Ali Rəhbəri Ayətullah Əli Xamenei dövründə ölkənin teokratik idarəetmə sisteminə meydan oxumayıb və bu sistemə qarşı gəlməyərək hakimiyyətə gəlib. O ali dini rəhbər yaxın şəxsdir”, – deyə məqalədə bildirilir.
Nəşrin məlumatına görə, seçki kampaniyası zamanı o, məhdud sosial və iqtisadi islahatların aparılmasını və İran iqtisadiyyatını çökdürən sanksiyaları ləğv etmək üçün nüvə proqramı ilə bağlı ABŞ-la əlaqəni müdafiə edib.
“Pezeşkianın tərəfdarları onun ölkədə birləşdirici qüvvəyə çevrilməsinin səbəblərindən biri kimi onun Azərbaycan irsini göstərirlər. O, İran xalqı ilə hökuməti arasındakı “boşluğu” aradan qaldıracağına söz verib”, məqalə müəllifləri yazır.
“Pezeşkianın qələbəsi göstərir ki, o, həm islahatçıları, həm də mühafizəkarları cəlb edərək, dəstək bazasını genişləndirə bilib”, – İran üzrə analitik və Missuri Elm və Texnologiya Universitetinin dekanı Mehrzad Burucerdi bildirib.
“Lakin İran mühafizəkarları vəzifəyə gəldikdən sonra Pezeşkianın seçki kampaniyası zamanı ortaya qoyduğu planları poza bilərlər.
Mühafizəkarlar ilk gündən maneələr yaratmağa çalışacaqlar. Onun “bal ayı” olmayacaq. Pezeşkianın etməyə çalışdığı hər şeyə əyləc basacaqlar”, – professor Burucerdi söyləyib.
“Pezeşkian İran nüvə proqramı ilə bağlı ikibaşlı açıqlamalar verib. Onun hansı siyasəti müdafiə edəcəyini zaman göstərəcək. Xarici siyasət Zərifə tapşırılsa, bu o anlama gələcək ki, onlar Qərblə dialoq istəyirlər”, – bildirilib.
Rafi Müslümov
www.yenicag.az