İranla müharibəyə siyasi zəmin HAZIRLANIR – ABŞ və İsrailin geosiyasi planı İFŞA OLDU

media-hightechnic-468x90

“Hazırlıqlar bitəndən sonra İsraillə ABŞ İrana havadan zərbələr endirəcəklər”.

Bu sözləri İsrailin ABŞ-nin icazəsi olmadan İrana raket zərbələri endirmə iddiasını Yenicag.az-a şərh edən politoloq Zərdüşt Əlizadə deyib.

media-img_7938_1200

O, bildirib ki, bu iddianın özü də siyasi oyundur:

“Sadəlövh adamları aldatmaq üçün oyun gedir. İsrailin mövcudluğu, təhlükəsizliyi – hər şeyi ABŞ-yə bağlıdır. ABŞ-də güclü yəhudi lobbisi var. Ancaq ABŞ-dəki yəhudi lobbisi bilir ki, ABŞ-nin milli maraqlarına zidd addım atsalar, İsrail cəzasını alacaq. Cəza ondan ibarət olar ki, ABŞ İsraildən əlin çəkər və ərəblər İsraili məhv edər. Elə göstərməyə çalışırlar ki, sanki ABŞ ilə İsrail arasında ziddiyyətlər var. Ancaq faktlar onu deməyə əsas verir ki, əslində, hər iki ölkə birgə hərəkət edir”.

Z. Əlizadə əlavə edib ki, son bir ay ərzində ABŞ İsrailə 2 milyard dollarlıq ağır çəkili, beton istehkamları dağıdan bombalar verib:

“ABŞ İran haqqındakı bütün kəşfiyyat materiallarını İsrailə verir. ABŞ Suriya rəhbərliyini məcbur edib ki, İsraili tanısın, onun tələblərini qəbul etsin, Səudiyyə, Qətər İsrailə qarşı qəti mövqeyindən çəkilsin. İsrail Qəzzanı darmadağın edib, ABŞ və İsrail açıq elan edir ki, fələstinliləri İsraildən köçürəcəklər – təkcə Qəzzanı yox, Ramallahı da. Burada iki ölkə arasında hansı ziddiyyətdən söhbət gedə bilər? ABŞ istəməsə, İsrail özünü bu cür apara bilməzdi. ABŞ-dən xəbərsiz İsrailin İranı vurması iddiası bəsit, sadə bir oyundur. Bəzi kəmsavad “siyasətşünas politoloqlar” ABŞ ilə İsrail arasında ziddiyyət olduğunu, eləcə də Netanyahunun Trampa qulaq asmaması kimi fikirlər səsləndirirlər”.

İranla aparılan nüvə danışıqlarının mahiyyətinə gəldikdə isə analitik bunları deyib:

“İran qarşısında elə tələblər qoyublar ki, heç bir müstəqil dövlət, siyasi rejim onu qəbul edə bilməz. Onlar elə şərtlər qoyurlar ki, guya ABŞ barış axtarır, ancaq İran buna razı deyil. İranın İsrailə qarşı nüvə təhlükəsinə ən axmaq adamlar inana bilər. Çünki İranda nüvə silahı olsa da, İran İsrailə nüvə bombası atmaz. Çünki bu kütləvi qırğın silahıdır. İsraildə təkcə yəhudilər yox, ərəblər də yaşayır. Nüvə bombası partlayanda ərəbləri, müsəlmanları öldürməyəcək, yəhudiləri öldürəcək? Azərbaycanlıların gözəl misalı var, “qələm düşmən əlindədir”. Öz vətənləri uğrunda mübarizə aparan adamları terrorçu adlandırırlar. O şəxslər niyə terrora əl atır? BMT-nin Fələstin dövlətinin yaranması ilə bağlı qərarı var, amma ona əməl edilmir. Bu kimi faktlar qalıb kənarda, terror faktı ön plana çıxır. Terrora qarşı mübarizə aparmaq üçün onun səbəbini tapmaq lazımdır. İran vətəni uğrunda mübarizə aparanlara dəstək verir, deyirlər, İran terrora dəstək verir. Düşünürəm ki, sülh danışıqları gözdən pərdə asmaq üçündür. Müəyyən hərbi, texniki hazırlıqlar gedir. Bu hazırlıqlar bitəndən sonra İsraillə ABŞ İrana havadan zərbələr endirəcəklər. Təbii ki, quru əməliyyatları istisna edilir”.

Səxavət Məmməd

 

 

 

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 30.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600