İrəvanda yenidən ARA QARIŞDI: “Əgər bu xəyalpərəst iddialardan əl çəkməsələr...”
“Ermənilərin bu birinci etdiyi hadisə deyil. Bu, növbəti erməni xislətinin nümunəsidir”.
Bunu Yenicag.az-a açıqlamasında Milli Məclisin deputatı Elman Məmmədov deyib.
O, İrəvanda yuvalanmış erməni separatçılarının “başçı”sı Samvel Şahramanyanın ləğv edilmiş qondarma rejimin bərpası ilə bağlı imzaladığı “sənəd”i, eləcə də revanşistlərin Ermənistanda fəallaşmasının siyasi məqamlarını şərh edib.
Millət vəkili xatırladıb ki, Türkiyədə dəhşətli zəlzələ baş verən zaman erməni saytlarında bir video yayılmışdı:
“Bir başı xarab erməni, başının üstündə “bayraq” və “gerb” asaraq, oturub deyirdi ki, mən “Qərbi Ermənistan” dövlətinin prezidentiyəm, bu da bizim “bayrağ”ımızdır və s. Həmin zəlzələ bölgəsində müəyyən bir ərazini göstərərək iddia edirdi ki, bu, “Qərbi Ermənistan”dır və o ərazinin də “prezident”i mənəm. Halbuki özü İrəvanda oturub bu sərsəm fikirləri danışır. Təsəvvür edin, indi Şahramanyan da həmin o erməni kimidir. Özünü “Dağlıq Qarabağ Respublikasının rəhbəri” kimi təqdim edir. Bu, sadəcə erməni xülyalarıdır, boş xəyal məhsuludur. O, istər İrəvanda, istər Fransada, istərsə də dünyanın hansısa başqa ölkəsində olsun, o əski parçasını, yəni guya “bayraq” dediyi rəmzi götürüb, gəlib bəyanat versin, fərqi yoxdur. Bunlar mənasız, dəyərsiz, ciddiyə alınmayan cəfəngiyatlardır”.
Deputatın sözlərinə görə, bu cəfəngiyatlar da özbaşına ortaya çıxmır:
“Yəqin ki, o da sizə bəzi dövlətlərin adını çəkib. Amma məsələ təkcə dövlətlər deyil, onların arxasında duran başqa qüvvələr də var. Bu şəxsləri qidalandıranlar, onlara güc verənlər, yalan vədlərlə ruhlandıranlar mövcuddur. Ermənistanda “Bəlkə də torpaqları qaytardılar” xəyalı ilə yaşayanlar var. Amma biz öz işimizi görmüşük, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi tam təmin olunub. Düşmənlər, işğalçılar, terrorçular və separatçılar ərazilərimizdən təmizlənib. Ərazi bütövlüyümüz bərpa olunub. Bunlar isə harada və necə yaşamaqlarından asılı olmayaraq, hansı xəyalda olduqlarının əhəmiyyəti yoxdur. Çünki bu, onların tarixi “peşəsi”dir. Xəyal qurmaq, boş ideyalarla yaşamaq onların milli adətidir. Görünür, hansısa qüvvələr onları arxayın salır. Bəlkə də elə bu qüvvələr onları revanşizmə ruhlandırır. Onları silahlandıran, Ermənistan ərazisinə hərbi təlimatçılar və cinayətkar hərbçilər göndərən dövlətlər mövcuddur. Məsələn, Hindistan, Fransa kimi ölkələr. Elə dövlətlər var ki, Ermənistan ordusunu yeni müharibələrə, revanşist addımlara səsləyir”.
“Azərbaycan tərəfi olaraq biz bütün bunları bilirik. Təhlükələri izləyirik, tədbirlərimizi görürük. Həmişə ən çətin, ən təhlükəli vəziyyətlərə belə hazırıq. Amma onlar bir şeyi başa düşməlidirlər: vaxtilə müəyyən səbəblər və təzyiqlər ucbatından güzəştə gedərək onlara buraxdığımız 29.000 kvadrat kilometrlik ərazini də geri ala bilərik. Əgər bu axmaq, xəyalpərəst iddialardan əl çəkməsələr, biz o ərazilərimizə də qayıtmaq haqqına sahibik. Çünki oralar bizim dədə-baba yurdlarımız, tarixi torpaqlarımızdır. Əgər ağıl başlarına yığsalar, yaşayıb baş çıxara bilərlər. Əks təqdirdə, biz də tarixi torpaqlarımıza dair iddialarımızı ortaya qoya bilərik. Bəli, bu bizim haqqımızdır”, – deyə o, fikirlərini yekunlaşdırıb.
Rafi Müslümov