İrəvandan İKİLİ OYUN: “Bu məsələni siyasiləşdirərək sülh gündəliyini zədələməyə çalışır”
“Rəsmi İrəvan bu məsələni siyasiləşdirərək sülh gündəliyini zədələməyə çalışır”.
Bunu Yenicag.az-a açıqlamasında politoloq Asif Nərimanlı deyib.
O, Ermənistanın Baş naziri Nikol Paşinyanın mediaya açıqlamasını ölkəsinin sülh məsələsində nə qədər səmimi olması kontekstində şərh edib.
Politoloq bildirib ki, ATƏT-in Minsk qrupunun hüquqi baxımdan buraxılması və Ermənistan konstitusiyasında ölkəmizə qarşı ərazi iddialarının aradan qaldırılması regionda davamlı sülhün təmin olunması baxımından Azərbaycan ictimaiyyəti üçün önəmli məsələlərdir:
“Paşinyan cavabında bəzi məqamları ziddiyyətli şəkildə izah edir. O, hazırda Ermənistanın yeni konstitusiya layihəsinin olmadığını, mövcud konstitusiyanın sülh sazişinə maneə yaratmadığını bildirir. Onun sözlərinə görə, Ermənistan Konstitusiya Məhkəməsi bu sənəddə ərazi iddiası yer almadığını təsdiqləyib. Həmçinin, sülh sazişinin mətnində hər iki tərəfin bir-birinin ərazi bütövlüyünü tanıdığı və bu sənəd ratifikasiya edildikdən sonra heç bir tərəfin öz milli qanunvericiliyinə istinad edə bilməyəcəyi qeyd olunur. Bununla belə, Paşinyanın yanaşması xüsusilə gələcəkdə baş verə biləcək hakimiyyət dəyişiklikləri fonunda revanşist qüvvələrin konstitusiyaya və istiqlal bəyannaməsinə istinad edərək mübahisəli vəziyyət yarada biləcəyi narahatlığını aradan qaldırmır”.
“Digər tərəfdən, Paşinyan Minsk qrupunun buraxılması məsələsində fərqli mövqe ortaya qoyur. O, bu şərtlə razı olduqlarını desə də, Azərbaycanın məqsədinin münaqişəni öz ərazisində bağlayaraq Ermənistan ərazisinə keçirmək olmadığından “əmin olmaq istədiklərini” bildirir. Burada o, dolayısı ilə Qərbi Azərbaycan məsələsinə toxunur. Halbuki, azərbaycanlı qaçqınların öz yurdlarına qayıdışı ərazi iddiası deyil, beynəlxalq hüququn tanıdığı haqlardan biridir. Rəsmi İrəvan bu məsələni siyasiləşdirərək sülh gündəliyini zədələməyə çalışır”, – deyə o fikirlərini tamamlayıb.
Nəsimi Ələsgərli