İrəvanı sülhdən çəkindirən qüvvə: “Ermənistan bu istiqamətdə müsbət mesajlar versə də…”

“Bu gün Arutyunyanla Vardanyan arasında ciddi siyasi mübarizə gedir. Tanınmamış oyuncaq qurumda təmsil olunsalar da, fərqli maraqları var”.

Bu fikirləri Qarabağdakı separatçıların düşdüyü fikir ayrılıqları və Bakı ilə İrəvan arasında mümkün sülh müqaviləsi barədə danışan politoloq İlyas Hüseynov Yenicag.az-a açıqlamasında deyib.

Politoloq Ermənistan siyasi rəhbərliyinin sülh istiqamətində heç bir praktiki addım atmadığını qeyd edib:

“Paşinyan açıqlamasında separatçı qurumda Ermənistandan daha çox silah olduğunu dedi. Bu həm də həqiqətlərin etirafıdır.
Bu silahlar hansı yolla daşınıb? Təbii ki, Laçın yolu vasitəsilə. Bu, üçtərəfli bəyannaməyə tamamilə zidd addımdır. Laçın yolundan yalnız humanitar yardım üçün istifadə olunmalı idi. Paralel olaraq bu yol Azərbaycanın qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında əlaqə, kommunikasiya, nəqliyyat formalaşdırmalıdır.

Təəssüflər olsun ki, üçtərəfli bəyanatın üzərindən 2 ildən çox keçməsinə baxmayaraq, hələ də Azərbaycan Naxçıvanla əlaqə yarada bilmir. Bunun səbəbkarı Ermənistan və arxasındakı sülh istəməyən qüvvələrdir.

Separatçı qurumun rəhbəri Arayik Arutyunyan “Artsax”da Ermənistandan daha çox silah olmasına baxmayaraq, danışıqlara getməyin lazım olduğunu bildirib. Bu gün Arutyunyanla Vardanyan arasında ciddi siyasi mübarizə gedir. Tanınmamış oyuncaq qurumda təmsil olunsalar da, fərqli maraqları var.

Ruben Vardanyanın Rusiyanın planı olduğu heç kimə sirr deyil. Arayik isə Paşinyanın təyin etdiyi fiqurdur. Azərbaycan ərazisində mübarizə müşahidə edirik. Belə görünür ki, Arayik sülh tərəfdarıdır. Vardanyan isə Azərbaycanın sərvətlərini talamaqla silah əldə edib Azərbaycanla müharibə etmək istəyir.

İstənilən halda, Azərbaycan sülh tərəfdarıdır. Rəsmi Bakı beş maddədən ibarət sülh təklifini təqdim edib. Sülh müqaviləsinin imzalanacağı ilə bağlı ötən il böyük ümid vardı. Sülh prosesi 2023-cü ilə keçid etsə də, hələ ki intensivlik müşahidə etmirik.
Ermənistan sülh istiqamətində müsbət mesajlar versə də, daxildəki ictimai-siyasi vəziyyət, revanşist qüvvələrin çoxluğu Paşinyanı sülh istiqamətində qəti addımlar atmağa imkan vermir. Sülh müqaviləsi sayəsində bir sıra məsələlər həllini tapmalıdır. Lakin Ermənistandakı siyasi rəhbərliyin sülh istiqamətində heç bir praktiki addımını görmürük”.

Nəsimi Ələsgərli