Kobaxidze ABŞ-ni dialoqa DƏVƏT ETDİ – Baş nazir Vaşinqtonla BUZLARI ƏRİDİR?

media-hightechnic-468x90

 

Gürcüstanın Baş naziri İrakli Kobaxidze ABŞ prezidenti Donald Trampa və vitse-prezident Ceyms Devid Vensə ünvanladığı açıq məktubda Tbilisi-Vaşinqton münasibətlərinin yenidən başlanması perspektivləri ilə bağlı narahatlığını ifadə edib.

Yenicag.az xəbər verir ki, bu barədə sosial şəbəkə hesabında paylaşım edən Baş nazir Vaşinqtonun sözügedən məsələdəki susqunluğunu təəccüblü adlandırıb.

Kobaxidzenin sözlərinə görə, bir neçə həftə əvvəl o, ABŞ-Gürcüstan münasibətləri ilə bağlı məktub göndərib və bu məktuba qədər bir neçə dəfə ictimai çıxışlar edərək, Tbilisinin ABŞ ilə strateji tərəfdaşlığı “təmiz səhifədən” başlamağa hazır olduğunu bəyan edib. Lakin nə məktuba, nə də bəyanatlara cavab verilib.

“Bu səssizlik Gürcüstan xalqı və hakimiyyəti üçün bir neçə səbəbə görə təəccüblüdür”, – deyə Kobaxidze sosial şəbəkədə paylaşdığı məktubda yazıb.

Baş nazir vurğulayıb ki, Gürcüstan Birləşmiş Ştatlara İraq və Əfqanıstandakı hərbi əməliyyatlarda fəal dəstək verib və həmin əməliyyatlara əhalisinin sayına nisbətdə ən çox hərbçi göndərən ölkə olub. Onun fikrincə, bu yolla Gürcüstan ABŞ-yə 2,5 milyard dollara qənaət etməyə kömək edib ki, bu da Vaşinqtonun Gürcüstana ayırdığı rəsmi yardımlardan dəfələrlə çoxdur.

Kobaxidze əlavə edib ki, Gürcüstan regionda demokratiya və insan haqları sahəsində lider sayılır, ABŞ-nin yeni administrasiyası isə bəzən “qətiyyən demokratik olmayan, avtoritar rejimlərlə” aktiv dialoq qurmağa üstünlük verir.

Baş nazir Vaşinqtonun susqunluğunun səbəbləri sırasında ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) və Demokratiya Milli Fondu (NED) kimi qurumların fəaliyyəti ilə bağlı iki ölkə arasında yaranmış ritorik uyğunluğu, Ukrayna müharibəsi və LGBT təbliğatı ilə bağlı oxşar yanaşmaları da qeyd edib.

Xatırladaq ki, Gürcüstanla ABŞ arasında münasibətlər 2024-cü ildə, xüsusilə “Xarici agentlər haqqında” Qanunun qəbulundan sonra xeyli gərginləşib. 2023-cü ilin noyabrında Kobaxidzenin Gürcüstanın Avropa İttifaqına üzvlüklə bağlı danışıqlar prosesini dondurduğunu bəyan etməsindən sonra ABŞ Dövlət Departamenti Tbilisi ilə strateji tərəfdaşlığı dayandırıb.

Gürcü rəsmiləri isə dəfələrlə bəyan ediblər ki, ümidlərini ABŞ-da hakimiyyət dəyişikliyi və Vaşinqtonla münasibətlərin bərpası ilə bağlayırlar.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600