“İki ölkənin xarici işlər nazirlərinin üçüncü tərəf olmadan müzakirə aparması olduqca mühüm mesaj verir”.
Bu fikirləri Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin aprelin 11-də baş tutan telefon danışığının önəmi haqqında danışan siyasi şərhçi Tehran Orucoğlu Yenicag.az-a açıqlamasında səsləndirib.
Siyasi şərhçi bildirib ki, Azərbaycanla Ermənistan arasında 3-cü tərəfin olması sülh prosesini yubadır:
“Sonuncu Brüssel görüşü olduqca məhsuldar keçdi. Bir çox məqamlarda dəqiq addımların atılmasına start verildi. Ümumilikdə, deyə bilərik ki, sülh müqaviləsinin bağlanması üçün geri sayım başlayıb. Görüş zamanı delimitasiya və demarkasiyanın tez zamanda reallaşması, nəqliyyat-komunikasiya sistemlərinin açılması vurğulanıb. Təbii ki, nəqliyyat-kommunikasiya sistemlərinin açılması bu gün Azərbaycandan daha çox dünyaya lazımdır. Nəzər yetirsək, görərik ki, Qərbin Rusiya və İranla münasibətləri elə də yaxşı deyil. İrana qarşı tətbiq edilən sanksiyaların ana maddəsini isə İrandan keçən “İpək yolu”nun işləklikdən salınması təşkil edir. Elə bu səbəblər kifayət edir ki, təhlükəsiz enerji istiqamətində Azərbaycanın oynadığı mühüm siyasi və iqtisadi strategiyanı görə bilək. Hazırda Rusiya danışıqlarda iştirak etmək istəyir. Onlar deyir ki, Rusiyanın iştirakı olmadan sülhə nail olmaq mümkün deyil. Əslində, üçüncü tərəf olmadan sülh əldə etmək və müqavilə bağlamaq daha rahatdır”.
Tehran Orucoğlu hesab edir ki, sonuncu Brüssel görüşündən sonra Ermənistana Avropa İttifaqının təzyiqi artıb.
“Biz ötən ilin dekabr ayında birinci Brüssel görüşündə əldə edilən razılıqların ermənistan tərəfindən həyata keçirilmədiyini, yenidən təxribatlara əl atdıqlarını gördük. Verdikləri mina xəritələrinin böyük əksəriyyəti saxta çıxdı. Kütləvi məzarlıqların yeri deyilmədi. Təbii ki, sonuncu Brüssel görüşündən Nikol Paşinyan həm Azərbaycan liderinə, həm də Aİ Prezidentinə bunun hesabatını verdi. Görüşün nəzərdə tutulduğu vaxtdan iki dəfə artıq – 5 saata yaxın davam etməsi də önəmli məqamlardandır.
Ermənistan siyasi elitasına nəzər salaq. Hazırki xarici siyasət rəhbəri, parlament sədri və digər siyasi sferada təmsil olunanların yolu Avropa İttifaqından keçənlərdir. Onlar ittifaqın müxtəlif layihələrində iştirak ediblər. Bu da bizə inam yaradır ki, artıq Avropa İttifaqı dəqiq hədəflərə fokulanıb və Ermənistan siyasi elitası tam başa salınıb.
Sülh müqaviləsi Azərbaycanın təklif etdiyi baza prinsipləri əsasında reallaşacaq. Bu prinsiplər dəyişilməzdir.
Ermənistanın verdiyi vədlərə əməl etməyəcəyi ehtimalının üzərində dayansaq, belə bir nəticəyə gələ bilərik ki, Qarabağda antiterror əməliyyatlarına başlamağımız üçün zəmin yaranmış olacaq. Azərbaycan hər zaman olduğu kimi beynəlxalq hüquqa söykənmək və onun tələblərinə əməl etməklə addım atır. BMT-nin 51-ci maddəsini xatırlamağımız kifayətdir ki, öz suveren torpaqlarımızı terrorçu quruplaşmalardan təmizləyək.
Amma düşünürəm ki, bu dəfə Ermənistan rəhbərliyi ağlı başında addım atacaq. Bir sözlə, sülh müqaviləsi üçün geri sayım başlayıb”.
Aqil Bəkir
www.yenicag.az