“Təcrübə də onu göstərir ki, dotasiyaların verilməsi belə bu bahalaşmanın qarşısını tam ala bilmir”.
Bunu “Bloomberg” agentliyinin COVID-19 pandemiyasının dünya iqtisadiyyatına vurduğu iqtisadi-sosial zərərləri və qiymət artımını dəyərləndirən iqtisadçı Eldəniz Əmirov Yenicag.az-a açıqlamasında deyib.
İqtisadçının sözlərinə görə, pandemiyanın ağır təsirlərinin aradan qaldırılması üçün yatırılmış irihəcmli maliyyə vəsaitləri inflyasiya təhlükəsini artıran başlıca səbəblərdəndir. Həmçinin kommunal xərclərin bahalaşması da bir müddət sonra infilyasiya yaradan faktorlar sırasındadır:
“Pandemiyanın mənfi təsirləri, iqtisadiyyata buraxılmış əlavə pul kütlələri, yanacağın qiymətinin və kommunal xidmətlərin bahalaşması kimi ardıcıl proseslərdən sonra ərzaq və qeyri-ərzaq məhsullarında olan qiymət artımını sensasiya kimi qəbul etməyə dəyməz.
Bütün bunlar baş verən proseslərin ortaya çıxardığı sadə qanunauyğunluqdur. Amma bir məsələ var ki, bu qanunauyğunluqdur deyib, nəzarətsiz buraxmaq da olmaz. Qiymətlərin zəruri artımından əlavə bahalaşmada maraqlı olan mal və xidmət təklif edən tərəflər üzəriundə ciddi nəzarət mexanizminin olması vacibdir.
Qiymətləri optimal həddən yuxarı qaldıranlara “işbaz” demək düzgün deyil. Ümumiyyətlə, biz çalışmalıyıq ki, “işbaz” sözünü leksikonumuzdan uzaqlaşdıraq. Sözün etimalogiyasına varsaq, görərik ki, bu, heç də pis bir ifadə deyil. İş görməyə, biznes qurmağa meylli olan fərd tipidir.
“İşbaz” dediyimiz bu fərdlər istəsələr belə, süni qiymət artımına nail ola bilməzlər. Çünki rəqabətin olduğu bazar mühitində süni qiymət artımı deyilən bir məfhum yoxdur. Qiymət artıbsa, deməli, bunun iqtisadi səbəbləri var. Əgər doğrudan da süni qiymət artımı müşahidə ediriksə, o zaman bunun səbəbkarı olan təsərrüfat subyektlərinə “işbaz” yox, inhisarçı deyilir”.
Eldəniz Əmirov vurğulayıb ki, hazırda ölkədə daha çox ərzaq məhsullıarında bahalaşma müşahidə edilir. Bəzi məhsullarda 15-20, digərlərində isə 30%-dək artım qeydə alınıb:
“Bütün dövrlərdə ərzaq məhsulları qeyri-ərzaq məhsullarından daha aktiv alıcı kütləsinə malik olduğundan, bizim bu istiqamətdə daha yuxarı inflyasiya göstəricilərini müşahidə etməyimiz təbiidir.
Lakin postpandemiya dövründə iqtisadi imkanlar artırıldıqca, əhali gəlirlərində olan durğunluq aradan qalxdıqca, biz qeyri-ərzaq, eləcə də tikinti məhsullarının qiymətlərində də analoji tendensiyanı izləyəcəyik.
Buna işğaldan azad edilmiş ərazilərin bərpası və yenidən qurulması istiqamətində vüsət alan işlərin artması da təkan verəcək. Tikinti məhsullarına kəskin tələbatın artması qiymətlərə öz təsirini göstərəcək”.
İqtisadçıya görə, süni olmayan, yəni zərurətdən doğan qiymət artımlarına gəldikdə isə bunun obyektiv iqtisadi səbəbləri olur. Məsələn, dizelin və benzinin qiymətinin artırılması fonunda digər məhsulların bahalaşmasının qarşısını neçə almaq olar? Axı bu məhsulların maya dəyərinin formalaşmasında yanacaq çox böyük pay sahibidir. Hətta təcrübə də onu göstərir ki, dotasiyaların verilməsi belə bu bahalaşmanın qarşısını tam ala bilmir:
“İndiki məqamda ərzaq məhsullarında olan qiymət artımının yaratdığı narahatlığı əsas götürərək, vurğulamaq istərdim ki, neçə illərdir ki, biz rəqabət haqqında qanunun qəbuluna nail ola bilmirik. Bazarlarda süni qiymət artımına qarşı mübarizə aparmaq istəyiriksə, bu zaman ilk növbədə həmin qanun qəbul edilməli və icrası da ciddi nəzarətə götürülməlidir.
Bazarda bir malı və ya xidməti təklif edənlərin çoxluğuna gətirib çıxaran addımlar atmalıyıq. İstehlakçının alternativ seçimləri olmadıqca, ona istənilən qiymət diktə ediləcək. Yalnız təbii inhisar formalarında istehlakçının seçimi olmur, onda da dövlət inzibati qaydada tənzimləmə metodlarını tətbiq etməlidir”.