Oxu tar, Ramiz Quliyevin ruhunu simlərində yaşat...
“Beş-altı yaşım olanda Ağdamda evimizin divarında bir tar asılmışdı. O vaxt Həbib əmim müharibəyə getmişdi və onun evimizin divarına asılan o tarına heç kim ürək edib əl vura bilmirdi. Mən də həmişə o tara həsrətlə baxırdım, amma anlaya bilmirdim, kimindir, nə üçün divardan asılıb. Həbib əmim müharibədən qayıdan kimi kəsdirdim başının üstünü. Hara gedirdisə, onu pusurdum. Bir gün mənə dedi ki, noolub, xeyirdimi, məni gözdən qoymursan? Bir tara baxdım, bir də ona. Arif adam idi, başa düşdü ki, gözüm onun tarına düşüb. Soruşdum ki, əmi, bu nədir, dedi ki, tar. Soruşdum ki, kimindir? Cavab verdi ki, sənin. Onun əli müharibədə şikəst olmuşdu, tar çala bilmirdi. Divardan tarı düşürüb mənə verəndə elə bildim dünya mənimdir. O gündən bu günə o tarsız həyatımı təsəvvür edə bilmirəm…”
Yubiley günündə aldığım müsahibəsi zamanı demişdi bu fikirləri. Ömrünü, həyatını 5 yaşından möcüzəli tar alətinə bağlayan və bütün həyatı boyu o tarı sevə-sevə sinəsinə basıb əzizləyən adam – Xalq artisti, ustad tarzən Ramiz Quliyevin ürəyi bu gün əbədi olaraq dayandı.
Tarı da sevənləri ilə bərabər onun yoxluğuna ağladı. Ramiz Quliyev tarı dünyada sevdirən, o alətlə dünyanı dolaşan, musiqimizi layiqincə təmsil və təbliğ edən bir sənətkar idi. Tar deyəndə Ramiz Quliyev, Ramiz Quliyev deyəndə isə möcüzəli tar aləti yada düşür. İstəmirəm onun barəsində keçmiş zaman şəkilçisində danışım. Çünki sənətkarlar iki ömür yaşayır. Cismani yoxluğundan sonra əbədi yaradıcılıq ömrü başlanır. Bu gün ustad sənətkarımız əbədi yaradıcılıq ömrünə qədəm qoydu. Onun ürəyi sussa da, tarı heç vaxt susmayacaq. Hər zaman, hər yerdə eşidiləcək. Odur ki, deyirik: Oxu tar, oxu və Ramiz Quliyevin ruhunu hər zaman simlərində yaşat. Allah rəhmət eləsin, ustad sənətkarımız.
Cəvahir