Azərbaycan üçün yeni döyüş təyyarələri: YÜKSƏK MANEVR İLƏ SEÇİLİR - ŞƏRH
“Rusiya istehsalı olan təyyarələrin seçilməsi, Azərbaycan-Rusiya münasibətləri kontekstində də qiymətləndirilməlidir”.
Bu fikri Azərbaycanın Rusiyadan Su-35 döyüş təyyarəsi alacağı ilə bağlı iddiaları Yenicag.az-a dəyərləndirən hərbi ekspert Ramil Məmmədli səsləndirib.
Onun sözlərinə görə, Su-35 kimi iri radiuslu və strateji təyyarələrin səmərəli istifadəsi üçün geniş hava məkanına ehtiyac var:
“Son illər dünyada baş verən hadisələr göstərdi ki, hər bir ölkə öz hava məkanının müdafiəsini yüksək səviyyədə təmin etməlidir. Bu, yalnız hava hücumundan müdafiə sistemləri ilə deyil, eyni zamanda müasir hərbi aviasiya vasitələri ilə — xüsusilə də çoxfunksiyalı döyüş təyyarələri ilə həyata keçirilməlidir.
Ənənəvi olaraq döyüş aviasiyası strateji bombardmançı və qırıcı təyyarələrə bölünsə də, bu gün ölkələr əsas diqqəti daha çevik və çoxtəyinatlı döyüş təyyarələrinin alınmasına yönəldir. Azərbaycan da bu istiqamətdə addımlar atır”.
Hərbi ekspert bildirib ki, son on ildə Pakistanla aparılan müzakirələrin nəticəsi olaraq, Azərbaycan JF-17 tipli döyüş təyyarələrinin alınması barədə razılıq əldə edib:
“Bu təyyarələr Çin və Pakistanın birgə layihəsidir və ölkəmizin aviasiya parkının yenilənməsində mühüm rol oynayır.
Hazırda gündəmdə olan məsələ isə — Rusiyanın istehsalı olan Su-35 döyüş təyyarələrinin alınmasıdır. Su-35 öz sinfində yüksək manevr qabiliyyəti və döyüş imkanları ilə seçilir. “Suxoy” şirkətinin bu modeli müasir aviasiya texnologiyasının nümunələrindən hesab olunur.
Lakin burada Azərbaycanın coğrafi xüsusiyyətləri də nəzərə alınmalıdır. Su-35 kimi iri radiuslu və strateji təyyarələrin səmərəli istifadəsi üçün geniş hava məkanına ehtiyac var. Bu baxımdan, alınacaq platformaların Azərbaycanın ehtiyaclarına uyğun olub-olmaması barədə qərarı hərbi ekspertlər və mütəxəssislər verməlidirlər.
Digər tərəfdən, belə yüksək texnoloji silahların alınması təkcə hərbi deyil, eyni zamanda siyasi məna da daşıyır. Rusiya istehsalı olan təyyarələrin seçilməsi, Azərbaycan-Rusiya münasibətləri kontekstində də qiymətləndirilməlidir”.
Səxavət Məmməd