"İşğalçılıq siyasəti çökür": Rusiya xalqı Putinə qarşı – PROQNOZ
“Rusiya xalqının da hakimiyyətə təzyiqi artacaq”.
Bunu Yenicag.az-a açıqlamasında politoloq Əlabbas Məhərrəmli deyib.

O, Rusiyada keçirilən rəy sorğularının nəticəsinə əsasən Ukrayna ilə müharibənin yekunlaşması ehtimalından danışıb.
Politoloq bildirib ki, rəy sorğularından gələn cavablarda kifayət qədər həqiqət payı var:
“Sorğuların nəticəsi müəyyən mənada reallığı əks etdirir. Xalq indi belə fikrə gəlməyib, əslində əvvəldən bu düşüncədə idi. Rusiya xalqına başqa bir dövlətin ərazisinə iddia etmək nəyə lazım idi ki, nəticədə də ölkə iqtisadi baxımdan bu günə düşsün və dünya ilə qarşı-qarşıya gəlsin? Aydın məsələdir ki, bu daha çox Rusiya hakimiyyətinin, Putin iqtidarının müharibəsidir. Burada xalqın könüllü şəkildə iştirak etməsi çox da görünmür”.
Əlabbas Məhərrəmlinin sözlərinə görə, ümumiyyətlə, xalqlar bir çox hallarda baş verənləri yaxşı başa düşürlər:
“Ermənistanla Azərbaycan arasında baş verən 44 günlük müharibə zamanı da Ermənistan xalqı yaxşı bilirdi ki, Azərbaycan torpaqları işğal olunub. Bunun nəticəsində Azərbaycanda çoxlu qaçqın və məcburi köçkün yaranıb, ölkəyə ciddi iqtisadi ziyan dəyib. Bu baxımdan, əgər normal və obyektiv rəy sorğuları keçirilsəydi, bəlkə də Ermənistan xalqı həmin müharibədə vuruşmaq, itkilər vermək istəməzdi. Xalqlar yaxşı anlayır ki, müharibənin heç bir xeyri yoxdur. Ona görə də müharibə uzandıqca Rusiya xalqının da hakimiyyətə təzyiqi artacaq və onlar hakimiyyətdən işğalçılıqdan əl çəkməyi tələb edəcəklər”.
Politoloq Ukraynadakı vəziyyəti də şərh edib:
“Ukraynada isə vəziyyət fərqlidir. Onlar təcavüzə məruz qalıblar və öz torpaqlarını qorumağa məcburdurlar. Əslində onlar da müharibə istəmirlər, lakin başqa bir dövlət onların ərazisinə iddia edib hücum etdiyi üçün müdafiə olunmağa məcburdurlar. Bir sözlə, sorğularda müharibənin istənilmədiyi və sülhə istənildiyi ilə bağlı dərc edilən nəticələrdə kifayət qədər həqiqət payı var”.
Nəsimi Ələsgərli













