“İŞİD-i məhv edəcəyik”
Prezident Obama Birləşmiş Ştatların “İslam dövləti” cihadçı qruplaşması tərəfindən gələn təhlükəni lazımi qədər qiymətləndirmədiyini etiraf edib.
“60 dəqiqə” Amerika televiziya proqramına müsahibəsində prezident Obama qeyd edib ki, Suriya orada vətəndaş müharibəsi nəticəsində hərc-mərclik yarandığından istifadə edən islamçılar mərkəzinə çevrilib. ABŞ prezidenti problemin qismən hərbi yolla həll olunacağını, lakin həmçinin siyasi tənzimlənmə lazım olduğunu bildirib.
“İraqda Əl-Qaidə fəaliyyət göstərirdi, lakin bizim dəniz piyadalarımız sünni tayfaların köməyilə onu darmadağın edib. Onlar gizli iş şəraitinə keçiblər. Lakin son iki ildə böyük ərazilərdə hakimiyyətsizlik hökm sürən Suriyadakı vətəndaş müharibəsi hərc-mərcliyi fürsətindən istifadə edərək, qüvvələrini bərpa edib və öz sıralarına cihada inanan və Suriyaya Avropadan, ABŞ-dan, Avstraliyadan və islam ölkələrindən gələn əcnəbi könüllüləri cəlb ediblər”, – deyə Barak Obama bildirib.
“Əl-Qaidənin davamçılarının sosial şəbəkələrdən olduqca məharətlə istifadə etməyə qabil olduqları aşkar olub. Bəzi hallarda onların arasında silahlı qüvvələrdən qovulmuş Səddam Hüseyn dövründə İraq ordusunun sabiq zabitləri də aşkar edilib. Bu, yaraqlılara terrorçuların bələd olmadığı və adətən nizami ordunun malik olduğu təcrübə və imkanlar verib. Buna görə də bizim üçün etiraf etmək vacibdir ki, bu problem qismən hərbi yolla həll edilməlidir. Biz onları geri çəkilməyə, işğal etdikləri əraziləri qaytarmağa məcbur etməli, onların komanda mərkəzlərini, silah-sursatını ləğv etməli, maliyyələşdirilməsini pozmalı və əcnəbi könüllülərin axınına son qoymalıyıq”, – deyə ABŞ prezidenti əlavə edib.
Barak Obama cihadçılarla mübarizə probleminin həlli İraqda və Suriyada, ümumiyyətlə Yaxın Şərqdə sırf siyasi tənzimləmə yolu ilə mümkünlüyünə əmin olduğunu bildirib. Tənzimlənmə bu bölgədə sünnilərlə şiələr arasında barışığa əsaslanmalıdır, çünki onların araşında baş verən münaqişə bütün dünya üçün təhlükə kəsb edir.