Aprelin 21-də Daxili İşlər Nazirliyində “Qeyri-aşkar şəraitdə törədilmiş mülkiyyət əleyhinə olan cinayətlərin qarşısının alınması və açılması”nın və “IV İslam Həmrəyliyi Oyunları ilə əlaqədar ictimai qaydanın qorunması, ictimai təhlükəsizliyin təmin edilməsi və texniki vasitələrlə təminat sahəsində görülən işlər”in vəziyyətinə və qarşıda duran vəzifələrə həsr olunmuş geniş Kollegiya iclası keçirilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, respublikanın daxili işlər naziri, general-polkovnik Ramil Usubov müzakirəyə çıxarılan hər iki məsələnin aktual olduğunu, daxili işlər orqanlarının fəaliyyəti ilə bağlı mühüm sahələri əhatə etdiyini bildirib.
O qeyd edib ki, bağlı qalmış cinayətlərin arasında qeyri-aşkar şəraitdə baş verən mülkiyyət əleyhinə cinayətlərin xüsusi çəkisi yüksəkdir və onların açılması hər bir əməkdaşdan peşəkarlıq tələb edir. Bu baxımdan aidiyyəti sahədə fəaliyyətin müvafiq qanunvericilik aktlarının, Nazirliyin əmr, göstəriş və kollegiya qərarlarının tələblərinə uyğun qurulması, profilaktik və əməliyyat-axtarış tədbirlərinin yüksək səviyyədə təşkili başlıca vəzifələrdən olmaqla davamlı surətdə həyata keçirilməlidir.
IV İslam Həmrəyliyi Oyunlarının ölkəmizin son illər artan beynəlxalq nüfuzunun və iqtisadi gücünün, regionda lider dövlətə çevrilməsinin, möhtərəm Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən geniş quruculuq və abadlıq işlərinə, köklü demokratik, hüquqi islahatlara verilən yüksək qiymətin ifadəsi olduğunu xatırladan daxili işlər naziri bu mötəbər idman yarışlarına hazırlıq işlərinin sürətlə getdiyini, planlaşdırılan tədbirlərin ciddi nəzarətdə saxlanılmaqla ardıcıllıqla yerinə yetirildiyini qeyd edib. Sözügedən beynəlxalq əhəmiyyətli tədbir ərəfəsində respublikada ictimai asayişin və daxili təhlükəsizliyin etibarlı qorunması, habelə Oyunlara hazırlıqla bağlı dövlətin, hökumətin, şəxsən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident xanım Mehriban Əliyevanın ali diqqəti və təşkilatçılığı sayəsində böyük bir fəaliyyətin ortaya qoyulduğu xüsusi vurğulanıb.
Nazir bildirib ki, qarşıda duran mühüm vəzifələrdən biri də 12-22 may tarixlərində Bakı şəhərində keçiriləcək IV İslam Həmrəyliyi Oyunları zamanı asayişin və təhlükəsizliyin etibarlı qorunmasıdır.
Gündəlikdəki ikinci məsələ ilə əlaqədar məruzə ilə çıxış edən Baş İctimai Təhlükəsizlik İdarəsinin rəisi, polis polkovniki Oqtay Kərimov bu mühüm beynəlxalq idman tədbirinin yüksək səviyyədə təşkili məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 18 sentyabr tarixli Sərəncamı ilə Təşkilat Komitəsinin yaradıldığını, möhtərəm dövlət başçısının qarşıya qoyduğu vəzifələrin tam və vaxtında yerinə yetirilməsi üçün texniki vasitələrə, əşya və ləvazimatlara olan tələbatın müəyyən edilməsi, təşkilati iş, şəxsi heyətin hazırlığı, profilaktik tədbirlər, ictimai qaydanın qorunması, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi sahələrində qarşıda duran vəzifələrin planlı surətdə yerinə yetirildiyini diqqətə çatdırıb.
Bildirilib ki, bütövlükdə, daxili işlər orqanlarından bu mühüm əhəmiyyətli beynəlxalq tədbirə cəlb ediləcək şəxsi heyətin sayı 12 min nəfər olacaqdır. Onlardan da 252-si qadın əməkdaşlardır. Əməliyyat Komitəsi ilə birgə aparılmış ilkin hesablamalara əsasən, nəzarət-buraxılış yerlərində 154 ədəd X-RAY və 286 ədəd stasionar metal detektordan istifadə edilməsi nəzərdə tutulur. Bununla əlaqədar, xüsusi yoxlama avadanlıqlarında xidmət aparacaq 1.800 əməkdaş praktiki məşğələlərə cəlb edilib. Yol hərəkətinin təhlükəsizliyi və yüksək səviyyəli nümayəndə heyətlərinin müşayiəti üzrə görüləcək işlər də diqqət mərkəzindədir. Bu istiqamətdə qarşıda duran vəzifələr yol-patrul xidmətinin 1200-ə yaxın əməkdaşı tərəfindən xüsusi təyinatlı 400 avtomobildə təmin ediləcəkdir.
Bundan əlavə, ictimai asayişə nəzarətin fasiləsiz həyata keçirilməsi məqsədilə hazırda yarış və qeyri-yarış obyektləri ətrafında 214 nöqtədə 642 videomüşahidə kamerasından istifadə edilir. May ayının 1-dək isə buraxılış rejimində tətbiq olunacaq hər bir stasionar metal detektorun qarşısında “üztanıma” funksiyalı 267 kamera quraşdırılacaqdır. Ümumilikdə, bu gün respublika üzrə “Təhlükəsiz şəhər” sisteminin 3.270 nöqtədə 12 min, habelə şəxsi mülkiyyətdə olan obyektlərə aid avtonom rejimdə işləyən daha 100 min videomüşahidə kamerası fəaliyyət göstərir.
Kollegiya iştirakçılarının nəzərinə o da çatdırılıb ki, möhtərəm Prezidentin əvəzsiz dəstəyi sayəsində I Avropa Oyunları ərəfəsində alınmış minlərlə radiostansiya, metal detektor, planşet, bort-kompyuter, videoqeydiyyat qurğusu və “İPatrol” mayaklar, habelə “BMW” və “Mercedes” markalı 837 ədəd xidməti avtomobil IV İslam Həmrəyliyi Oyunları zamanı da istifadə ediləcəkdir. İctimai asayişin qorunmasında iştirak edəcək əməkdaşların peşə hazırlığının, o cümlədən vətəndaşlarla ünsiyyətdə nəzakətli davranış səviyyəsinin yüksəldilməsi məsələləri də diqqət mərkəzində saxlanılıb, zəruri treninqlər, seminar-müşavirələr keçirilib.
Məruzələrətrafı çıxışlarda müzakirə olunan məsələlər üzrə görülmüş işlər barədə ətraflı danışılıb və qarşıda duran vəzifələr qeyd olunub.
İclasa yekun vuran nazir əvvəlki dövrlərdə olduğu kimi, cari ilin birinci rübündə də respublikada cinayətkarlığa qarşı mübarizədə, ictimai asayişin, insan hüquq və azadlıqlarının qorunması sahəsində müsbət nəticələrin əldə edildiyini vurğulayıb.
O, gündəlikdəki məsələlər üzrə görülən işlərin bütövlükdə qənaətbəxş olduğunu, eyni zamanda, bəzi ərazi orqanlarında müəyyən nöqsan və çatışmazlıqların mövcudluğunu da qeyd etməklə, onların dərindən təhlil edilərək aradan qaldırılması üçün adekvat tədbirlər görülməsini tələb edib, əməliyyat-xidməti fəaliyyətin digər vacib istiqamətlərinə, aktual məsələlərə dair konkret tapşırıq və tövsiyələrini verib.
Çıxışının sonunda nazir, general-polkovnik R.Usubov ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevi əmin edib ki, Vətəninə, xalqına və dövlətinə sədaqətli olan daxili işlər orqanlarının şəxsi heyəti üzərinə düşən bütün məsul vəzifələri əzmlə yerinə yetirəcək, asayişin, təhlükəsizliyin, vətəndaşların və dövlətin qanuni mənafelərinin hüquqazidd əməllərdən etibarlı qorunması üçün qüvvə və bacarığını əsirgəməyəcək.
Yeniçağ.az
www.yenicag.az