Manatın növbəti devalvasiyasından sonra ölkəmizin çətin sınaq qarşısında olduğu açıq-aydın görünür. Bu gün büdcə vəsaitlərinin qənaətlə və dürüst xərclənməsi, vətəndaşların rifahına yönələn addımların atılması gərəkdiyi halda, bəzi məmurlar məsələnin ciddiliyini qəbul etmir və öz səlahiyyətlərindən gen-bol sui-istifadə etməyə davam edirlər.
Xüsusilə də son zamanlar Azərbaycanın müxtəlif rayonlardan məmurların özbaşınalığı, sosial problemləri görməzdən gələrək büdcədən ayrılan dotasiyaları “tikinti-abadlaşdırma” işləri adı ilə həzm-rabedən keçirməsi barədə müxtəlif məlumatlar alırıq.
Bölgələrdə işsizlik, sosial problemlər əhalinin ciddi narazılığına səbəb olduğu halda, bu məmurlar heç nədən qorxmur və öz “səltənət”lərinə “müntəzəm” qaydada davam edirlər. Necə deyərlər, “böhran kasıblar üçündür, varlılar üçün yox”. Son zamanlar mətbuata göndərilən müxtəlif şikayət məktubları və məlumatlar arasında İsmayıllı rayonu və onun rəhbəri Mirdaməd Sadıqovun da adını görəndə təəccübləndik. Yəqin ki, cəmi iki il əvvəl baş vermiş İsmayıllı hadisələri bir çox oxucumuzun yadından çıxmayıb.
Ələkbərovların rayondakı rüşvətxorluq, saymazyanalıq və dərəbəyliklə müşayiət olunan “fəaliyyəti” insanların səbir kasasını daşırmış, nəticədə ölkəmizin dünya gündəmində də müzakirə olunmasına gətirib çıxaran iğtişaşlar baş vermişdi. Dövlət başçısı İlham Əliyev həmin hadisələrdən sonra, rayondakı vəziyyəti müsbət istiqamətdə dəyişmək məqsədi ilə, İsmayıllıda doğulan, rayon camaatına yaxşı tanış olan Mirdaməd Sadıqovu ora RİH başçısı təyin etmişdi.
Məlumatlardan belə görünür ki, çoxumuzun təcrübəli kadr və insaflı pedaqoq kimi ümidlər bəslədiyimiz M.Sadıqov son 2 ildə xeyli dəyişib və Ələkbərovların rayonda qurduğu çirkli biznesi davam etdirməyə qərar verib. Xüsusilə də, Mirdaməd Sadıqovun tikinti sektorunda maxinasiyalar aparması və rayondakı işbazlarla əlbir olaraq büdcədən külli miqdarda vəsait “yeməsi” barədə iddialar var.
Belə ki, Nizami Ələkbərovun vaxtında bir çox dövlət sifarişlərini icra edən, ənənəvi “tender qalibi” kimi tanınan, eyni zamanda sabiq icra başçısının oğlu Vüqar Ələkbərovun şirkəti olaraq bilinən “VAFİ-Region” MMC şirkətinin “qabaqcıl” yerini indi “İsmayıllı Tikinti – 27” ASC tutub. Məsələnin maraqlı tərəfi ondadır ki, M.Sadıqovun “etibarlı” şirkəti kimi tanınan bu şirkət də “VAFİ-Region” MMC ilə eyni ünvanda qeydiyyatdadır. Lakin bundan əvvəl də mətbuatın araşdırmaları nəticəsində məlum olmuşdu ki, bu ünvanda, yəni M.Orucov-100 ünvanında Ruhiya Cavadova adlı vətəndaş yaşayır və heç bir şirkətlə əlaqəsi yoxdur. Redaksiyamıza məlumat verən mənbə bildirir ki, “İsmayıllı Tkinti-27” ASC-nin sədri Məhəbbət Əliyeva adlı şəxs olsa da, əslində bu qurumun arxasında başqaları, yəni, Sadıqovun əlbir olduğu tikinti mafiyası dayanır.
Belə ki, “İsmayıllı Tkinti-27” ASC yeni icra başçısının vaxtında bir çox dövlət layihəsinin icraçısı olub, 1 milyon manatdan çox büdcə vəsaitinin mənimsənilməsində iştirak edib. Həmçinin Sadıqovun sevimli “icraçı”ları arasında “Ağçay-48” və “ÜlviMİ” adlı MMC-lərin də adı çəkilir. Bu şirkətlərin hər ikisinin hüquqi ünvanı rəsmi sənədlərdə eyni ünvan – Aslanov küçəsi 17 göstərilib. Rayonda “siyam əkizləri” kimi yada salınan bu şirkətlər İsmayıllı şəhərində və kəndlərdə bağçaların, körpələr evlərinin tikintisi və əsaslı təmirinə cəlb olunur, müxtəlif “abadlaşdırma” layihələrinin əsas oyunçusuna çevrilirlər. Görünür ki, bu şirkətlər ya Sadıqovun yaxın çevrəsinə məxsusdur, ya da yeni icra başçısı rayona “adaptasiya” olmaq məqsədi ilə bəzi şəxslərin “biznes”inə yol açmağa qərar verib. RİH və kəndlərin icra nümayəndəliklərinin sifarişi ilə həyata keçirilən ərzaq alqı-satqısı isə ancaq və ancaq “N-L” MMC (Rəhbəri Rafiq Dadaşov) ilə görülür ki, bu da, açıq-aşkar “otkat” əməliyyatından xəbər verir.
Belə ki, ənənəvi “otkat” əməliyyatlarında dövlət sifarişi kimi nəzərdə tutulan məhsullar dəyərindən baha qiymətə müəyyən bir şirkətdən alınır, sonra isə həmin pullar dövlət məmuru ilə işbazlar arasında bölüşdürülür. İsmayıllı RİH başçısı Mirdaməd Sadıqov və onun yaxın çevrəsinin rayonda nəinki tikinti, bütün sahələrdə monopoliya yaratdığı, “sahibkarlığın inkişafı”nı ancaq dar çevrədə apardığı da qeyd olunur. Belə ki, məlumat verən mənbə İsmayıllıda iş görmək, yeni obyektlər açıb işsizlik səviyyəsini azaltmaq istəyən sahibkarlara “xüsusi seçim”lə yanaşıldığını, bu işlərin ancaq müəyyən qrupun icazəsi və xeyir-duası ilə baş tutduğunu bildirib.
Mənbə bildirir ki, başqa rayonlardan olan, xüsusilə də, qaçqın və məcburi köçkünlərin rayonda hər hansı biznes fəaliyyəti yaratmasına imkan verilmir, hətta RİH başçısı özü də dəfələrlə “gəlmələr” ifadəsi işlədərək, qaçqın və məcburi köçkünlərə qarşı ögey yanaşma nümayiş etdirir.
M.Sadıqovun dövlət büdcəsindən tikinti və abadlaşdırma üçün milyonlarla vəsaiti təkbaşına yemədiyini, rayonda möhkəmlənmiş kriminal mahiyyətli insanlarla bölüşdüyünü deyən mənbə əlavə edib ki, İsmayıllıda əhalinin sosial inkişafı üçün ciddi işlər görülmür, sadəcə insanların başını qatmaq üçün “kosmetik təmir”ə əsaslanan müxtəlif “abadlaşdırma” layihələrində müvəqqəti iş yerləri açılır. Buna görə də, M.Sadıqov “ortaq məxrəc”i tapdığını güman edir, lakin sahibkarlığın diskriminasiyaya məruz qalması, işsizliyin isə günü-gündən artması tamam başqa şeylərdən xəbər verir. / Qafqaznews.az
Qarşı tərəfin mövqeyini verməyə hazırıq.
www.yenicag.az