Azərbaycanda ödəniş kartlarının sayı açıqlandı
Banklar və “Azərpoçt” MMC sistemləri üzrə bu ilin oktyabr ayının sonunda dövriyyədə olan ödəniş kartlarının sayı ötən aya nəzərən 334 min ədəd artaraq 21 milyon 701 min ədəd təşkil edib.
Yenicag.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Məlumata görə, keçən ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 13.3% artıb. Bildirilib ki, ödəniş kartlarında debet kartlarının sayı 16% artıb, kredit kartlarının sayı isə 5.2% azalıb.
“Ödəniş kartlarının artması nağdsız ödənişlərin həcminə müsbət təsir göstərib. Belə ki, oktyabr ayı ərzində ölkədaxili nağdsız əməliyyatların həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə 17.6% artıb. 2025-ci ilin oktyabr ayı ərzində kartlar vasitəsilə həyata keçirilən ölkədaxili nağdsız ödənişlərin həcmi 8,825 milyon manat təşkil edib. Həyata keçirilən nağdsız ödənişlərin 7,776 milyon manatı elektron ticarətin payına düşür. Qalan məbləğin 1,045 milyon manatı POS-terminallar, 4 milyon manatı isə özünə xidmət terminalları və bankomatların vasitəsilə gerçəkləşdirilib. İlin əvvəlindən ödəniş kartları ilə nağdsız ölkədaxili əməliyyatların həcmi ölkədaxili kart əməliyyatlarının 67.5%-ni təşkil edib”, – məlumatda vurğulanıb.
Eyni zamanda qeyd edilib ki, banklar və “Azərpoçt” MMC ödəniş xidməti şəbəkələri üzrə dinamik artım müşahidə olunur. Belə ki, keçən ilin oktyabr ayının sonu ilə müqayisədə bankomatların sayı 8.1%, POS-terminalların sayı 60.4% artıb.











