Tanınmış yazıçı: "Bürokratların öz xalqına ikrahla baxması cəmiyyət həyatını məhv etdi"
“Biz rusların Azərbaycanda açdıqları məktəblərin aydınlıq tərəfini görürük, amma onun qaranlıq tərəfini görmürük”.
Yenicag.az xəbər verir ki, bunu yazıçı Aqşin Yenisey sosial media hesabında etdiyi paylaşımda bildirib.
O qeyd edib ki, sözügedən məktəblər idarəetməni asanlaşdırmağa xidmət edən yerli bürokratlar yetişdirmək üçün açılmışdı:
“Öz xalqının qüsurlarını görməklə, öz xalqında qüsur görmək ayrı-ayrı mətləblərdir.
Bu rus məktəblərinin tələbələrinə məhz ikincisi aşılanırdı: öz xalqında qüsur görmək. Bu rus məktəblərində yetişən maarifçiləri qoyaq bir qırağa. Deyək ki, maarfiçiliyin fəlsəfəsi bunu tələb edirdi.
Amma bürokratların öz xalqına ikrahla baxması və bunu idarəetmə ənənəsinə çevirməsi bütün cəmiyyət həyatını məhv etdi. Bürokratiya ilə xalq arasında bu məktəblərin bürokrat məzunları elə bir uçrum yaratdılar ki, biz bu gün də o uçuruma bütöv ailələri, hətta bütöv nəsilləri atsaq da, dolmaq bilmir”.
Yazıçı qeyd edib ki, xalq həyatını təhlükəyə atan bütün bürokratik biganəlik bu rus-müstəmləkə məktəblərinin yaratdığı öz doğma xalqına ikrahla yanaşmaq ənənəsindən qaynaqlanır:
“Bu inzibati ənənənin təmsilçilərinin Roma tanrısı Yanus kimi iki sifəti vardı, xalqa nifrət edən sifəti bizə baxırdı, müstəmləkəçiliyə sevgiylə xidmət edən sifəti Rusiyaya.
Bu gün də Azərbaycanda istər inzibati, istər mədəni-ədəbi mühit bu cür iki səmtə baxan ikisifətli yanuslarla doludur. Hamısı da məşhurdur, ad çəkməyə ehtiyac yoxdur”.
“İslahat istəyiriksə, yüz əlli il geriyə qayıdıb təhsil vasitəsilə yuyulmuş beyinlərin yaratdığı bu inzibati müstəmləkə ənənəsini yox etməliyik”, – A. Yenisey vurğulayıb.












