Başı Ukraynaya qarışan Rusiya: "Azərbaycanın Cənubi Qafqazda yaratdığı yeni reallıq..."
“Rusiyanın bölgədə yeni konfiqurasiyaya təsir imkanı Ermənistan üzərində müəyyən təsir reallıqları meydana çıxarsa da, bütövlükdə bölgənin sülh konfiqurasiyasına hansısa formada zərər vura biləcəyi ağlabatan görünmür”.
Bunu Rusiya və Ermənistan arasındakı münasibətlərin gərginliyi fonunda rəsmi Moskvanın atması mümkün görünən addımlardan danışan deputat Bəhruz Məhərrəmov Yenicag.az-a açıqlamasında deyib.
B. Məhərrəmov bildirib ki, Rusiya–Ukrayna münaqişəsi Rusiyanın Cənubi Qafqaz siyasətinə təsirsiz ötüşməyib:
“Daha dəqiq desək, Moskva artıq Cənubi Qafqaza əvvəlki diqqəti və nəzarət rıçaqlarını səfərbər etmək üçün potensiala malik deyil. Lakin bu o demək deyil ki, Rusiya Cənubi Qafqazdan, konkret olaraq uzun bir dövr ərzində forpost rolunu oynamış və indi də bu və ya digər formada Rusiyanın direktivlərini rəhbər tutmaqda olan Ermənistandan vaz keçmək niyyətindədir.
İstər Rusiya rəhbərliyinin, istərsə də bu ölkənin xarici siyasət idarəsi və parlament rəsmilərinin Ermənistanla, ələlxüsus Bakı və İrəvan arasında artıq de-fakto nail olunmuş sülh prosesi ilə bağlı qərəzli xarakter daşıyan bəyanatları indidən onu deməyə əsas verir ki, Moskva Cənubi Qafqazda özünün nəzarətindən kənar yaranan yeni status-kvo ilə asanlıqla barışmaq niyyətində deyil”.
Deputatın sözlərinə görə, Azərbaycanın hərbi-siyasi zəfərləri ilə Cənubi Qafqazda yaratdığı yeni reallıq bölgədə üçüncü qüvvələrin qeyri-praqmatik fəaliyyəti üçün əlverişli olmayan mühitə çevrilib:
“Yəni yeni konfiqurasiyada Cənubi Qafqaz yalnız və yalnız sağlam əməkdaşlıq mühiti üçün açıqdır və xüsusən Azərbaycanın münaqişəyə hərbi-siyasi yolla son qoyması fonunda, o cümlədən 2023-cü ildə antiterror tədbirləri ilə separatizmin kökünün qazınması iri güclərin Cənubi Qafqazda təsir rıçaqlarını minimuma endirib. Eyni zamanda, Ermənistan rəhbərliyi və xalqı da artıq fərqindədir ki, Azərbaycanın yaratdığı yeni reallıqda heç bir qüvvə Bakının iradəsinə zidd yeni situasiya diqtə edə bilməyəcək.
Cənab İlham Əliyevin dəfələrlə vurğuladığı kimi, ermənilər yaxşı başa düşürlər ki, heç bir güc onların əvəzinə döyüşməyəcək və bu mənada erməni “dövlətçiliyi”nin, mövcudiyyətinin riskə atılması İrəvana müsbət heç nə vəd etmir. Xüsusən Vaşinqton görüşündən sonra Azərbaycan və Ermənistan arasında sülhün və dövlətlərarası münasibətlərin bərqərar edilməsinə dair sazişin paraflanması ilə formalaşan yeni geosiyasi situasiya, habelə Ermənistanın Azərbaycan və Türkiyə ilə perspektiv vəd edən əlaqələr qurulması mərhələsinə qədəm qoyma cəhdləri fonunda heç bir güc bölgədə köhnə qaydalarla oynaya bilməyəcək. Bu isə onu deməyə əsas verir ki, Rusiyanın bölgədə yeni konfiqurasiyaya təsir imkanı Ermənistan üzərində müəyyən təsir reallıqları meydana çıxarsa da, bütövlükdə bölgənin sülh konfiqurasiyasına hansısa formada zərər vura biləcəyi ağlabatan deyil”.
Nəsimi Ələsgərli












