İspaniyada əlavə vaxtın ləğvi müzakirə OLUNUR – Üç yeni ssenari GÜNDƏMDƏ
İspaniya futbolunda əlavə vaxtın ləğvi ilə bağlı müzakirələrə start verilib.
Yenicag.az xəbər verir ki, bu barədə məlumatı İspaniya Kral Futbol Federasiyası (RFEF) yayıb. Federasiya ölkə daxilində keçirilən bütün rəsmi turnirlərdə əlavə vaxtın ləğv olunması təklifi üzərində işləyir.
Yeni sistemin tətbiqində əsas məqsəd təqvim sıxlığını azaltmaq, futbolçuların fiziki yüklənməsinin qarşısını almaq və zədələrin minimuma endirilməsidir.
Hazırda aşağıdakı üç ssenari üzərində müzakirələr aparılır:
Əlavə vaxtsız qərar: Əgər matç əsas vaxtda heç-heçə başa çatarsa, qalib komanda liqada daha yüksək pillədə qərarlaşan tərəf olacaq.
Əlavə vaxt var, penalti yoxdur: Əlavə vaxt oynanılacaq, lakin nəticə əldə olunmazsa, yenə də liqa mövqeyi əsas götürüləcək.
Birbaşa penalti seriyası: Heç-heçə qeydə alınarsa, qalib penaltilər vasitəsilə müəyyən ediləcək.
RFEF rəsmiləri bildiriblər ki, bu dəyişiklik oyunçuların sağlamlığını qorumaq və turnirlərin təşkilini optimallaşdırmaq məqsədi daşıyır.
Qeyd edək ki, oxşar sistem dəyişiklikləri hazırda UEFA səviyyəsində də müzakirə olunur. İspaniya bu təklifi reallaşdıracağı təqdirdə, bu, Avropa futbolunda analoji ilk sistemli addımlardan biri olacaq.
Göycə Göycəyev