İsrail-İran gərginliyində YENİ MƏRHƏLƏ: "İsrail Yaxın Şərq xəritəsini yenidən cızmağa çalışır"
“Əgər ABŞ həqiqətən də “yaşıl işıq” yandırsa, İsrailin İranı bombalaması ehtimalı real görünə bilər”.
Bunu Yenicag.az-a açıqlamasında politoloq Samir Hümbətov deyib.

O, İsrailin İranın ballistik raket sistemlərinə hücum başlatmağa hazırlaşması barədə fikirlərini bölüşüb.
Politoloq bildirib ki, 12 günlük İsrail-İran gərginliyindən sonra proses yarımçıq qalmışdı:
“Yeni bir gərginlik ehtimalı hər an mümkün idi. Sadəcə olaraq, tərəflər ilk qarşıdurmada bir-birinin nəbzini yoxlamağa, zəif və güclü tərəflərini müəyyənləşdirməyə çalışırdılar. Artıq ABŞ-nin İran ətrafına ordu toplaması İsrailin əlini daha da gücləndirən faktora çevrilib.
Düzdür, İran danışıqlara meyil göstərir, amma nəticə istəmir. ABŞ ilə İsrailin də tələbi başqadır: Onlar İranın nüvə istehsalından tamamilə əl çəkməsini və Yaxın Şərqdəki proksi qüvvələrə dəstək verməməsini istəyirlər. Lakin görünür, bu tələblər Tehran üçün “qırmızı xətt” hesab olunur.
Bu amillərə görə münasibətlər gərgin olaraq davam edir. Əgər İran danışıqlara qatılmasa və ABŞ şərait yaratsa, İsrail yenidən hədəflər müəyyən edəcək. Nəticənin nə dərəcədə effektiv olacağı isə döyüş meydanında bilinəcək.
Qısacası, İsrail yeni gərginlik yaratmağa çalışır. Çünki baş verə biləcək yeni qarşıdurma Yaxın Şərqdə xəritənin yenidən cızılmasına imkan yarada bilər. Yeni cızılacaq xəritədə İsrail öz maraqlarını reallaşdırmağa çalışacaq. Əgər ABŞ həqiqətən də “yaşıl işıq” yandırsa, İsrailin İranı bombalaması ehtimalı real görünə bilər”, – deyə o bildirib.
Nəsimi Ələsgərli













