İsrail İranın yeni planını poza biləcək? - Zaur Bayramlının ŞƏRHİ
Amerika ilə İran hətta atəşkəs məsələsində razılığa gəlsələr belə, İsrail provokasiyalarla sürəci sabotaj edərək, onun sülhə qədər getməsinə əngəl olmağa çalışacaq. Çünki İsrailin məqsədi fars-molla rejimini birdəfəlik bitirərək, İranı özündən asılı vəziyyətə gətirməkdir. Əks halda, İran İsrailin varlığı üçün getdikcə güclənən təhdidə çevriləcək.
Zatən, əməliyyatın ilk günlərindən sabotaj açıq şəkildə ortadadır: Amerikanın İran rejiminin daxilində anlaşmaq istədiyi bir neçə namizədin İsrail tərəfindən aradan götürülməsi, hətta Tramp tərəfindən belə dilə gətirilən bir həqiqətdir.
Görünən budur ki, Tramp, hər nə qədər üstünlük Amerika-İsrail cütlüyünün tərəfində olsa belə, tam qələbə sayılmayan indiki durumu “qələbə” adlandıraraq vəziyyətdən çıxmaq, yəni savaşı dayandırmaq istəyir. Lakin əməliyyata bərabər girdiyi ortağının israrları nəticəsində bu günə qədər gəlməyə məcbur oldu. Hələ bu əməliyyatın ilk günlərində demişdim ki, proses uzandıqca Amerika ilə İsrail, daha çox isə Tramp və Netanyahu arasında ziddiyyətlər ortaya çıxacaq və getdikcə dərinləşəcək.
Açıq danışmaq lazımdırsa, hər nə qədər təhlükəli olsa belə, bizim maraqlarımıza İsrailin mövqeyi daha uyğundur. Belə ki, savaş indiki halı ilə bitərsə, İran rejimi hər nə qədər 40 gündə belə dəfn edə bilmədiyi ali liderini və bir qəbiristanlığı dolduracaq qədər generalını itirsə də, indiki durumu “qələbə” elan edəcək. Bundan sonra isə Azərbaycan və Türkiyə başda olmaqla, region və körfəz ölkələrinə təhdidlər yağdırmağa başlayacaq, mümkün qədər problemlər yaratmağa çalışacaq.
Amma bu da var ki, əməliyyatın uzanması və idarə olunması getdikcə çətinləşən böyük bir müharibəyə çevrilməsi, bütövlükdə bəşəriyyətin ziyanınadır.
Zaur Bayramlı













