İsrail ordusu fələstinlilərin çadır düşərgəsini bombaladı – FOTO
İsrail ordusu Qəzza zolağının mərkəzində, Deyr əl-Bəlah bölgəsində məcburi köçkün fələstinlilərin sığındığı çadır düşərgəsini bombalayıb.
Yenicag.az xəbər verir ki, bu barədə “Haber Global” məlumat yayıb.
Hadisə şahidlərinin məlumatına görə, Əqsa Şəhidləri Xəstəxanası yaxınlığında təxminən 200 fələstinli ailənin sığındığı əraziyə əvvəlcə “təxliyyə” xəbərdarlığı göndərilib. Xəbərdarlıqdan qısa müddət sonra İsrailə məxsus üç döyüş təyyarəsi çadırları hədəfə alaraq bombardman edib.
Şahidlər bildiriblər ki, telefonlara göndərilən xəbərdarlıq mesajından sonra fələstinlilər panika içində çadırları tərk etsələr də, sığınacaqlar tamamilə məhv edilib. Hücum nəticəsində yüzlərlə insan bir daha küçələrdə qalıb.
Əqsa Şəhidləri Xəstəxanası isə hücumda yaralanan bəzi mülki şəxslərin müalicəyə alındığını açıqlayıb.
Qeyd edək ki, İsrail ordusu uzun müddətdir Qəzza zolağını blokada altında saxlayaraq, “təhlükəsiz bölgələr” kimi təqdim etdiyi ərazilərə yönələn fələstinliləri də hədəf almaqda davam edir.