İsrailin "Hizbullah" komandirini öldürməsinin ALOVLANDIRDIĞI RİSK: "Bölgədə müharibə qaçınılmazdır"
“Tel-Əvivin son həmləsinə “Hizbullah” İsrailin dərinliklərinə zərbə vurmaqla cavab verərsə, bölgədə müharibə qaçınılmazdır”.
Bu fikirləri İsrailin Beyruta endirdiyi zərbə ilə “Hizbullah”ın komandirlərindən Haytam Əli Tabatabayini hədəf almasının regionda yaratdığı risklərdən danışan Yaxın Şərq üzrə mütəxəssis Vüqar Zifəroğlu Yenicag.az-a açıqlamasında bildirib. 
O qeyd edib ki, Tabatabayinin İsrailin hava hücumu nəticəsində öldürülməsi bölgədəki balansı ciddi şəkildə dəyişdirən hadisədir:
“Bu, təkcə hərbi əməliyyat deyil, həm də strateji mesaj xarakteri daşıyan hədəfli zərbədir. İsrail uzun müddətdir, “Hizbullah”ın komanda strukturu və qərargah fiqurlarını zəiflətməyə çalışır və bu zərbə həmin siyasətin ən yüksək səviyyəli hədəflərindən biri kimi qiymətləndirilir.
“Hizbullah”ın açıqlaması isə vəziyyətin daha da gərginləşə biləcəyini göstərir. Təşkilat “qisasın İsrailin dərinliklərinə zərbə endirməklə alınacağı”nı bəyan etməklə, əslində, yeni eskalasiyaya açıq olduğunu nümayiş etdirir. Bu tip ritorika, adətən, iki məqsədə xidmət edir: təşkilat içində mənəvi birlik yaratmaq və qarşı tərəfə psixoloji təzyiq göstərmək”.
V. Zifəroğlu sözügedən hadisənin yeni müharibəni alovlandırma mesajı kimi dəyərləndirilə biləcəyini vurğulayıb:
“Belə ki, bu bəyanat real qarşıdurma ehtimalını artıran siyasi siqnal kimi də qiymətləndirilə bilər. Nəzərə almaq lazımdır ki, əvvəlki illərdə olduğu kimi, tərəflər arasında sabit uzunmüddətli razılaşma da yoxdur, bu səbəbdən gərginlik sürətlə genişmiqyaslı toqquşmaya çevrilə bilər.
Bununla belə, genişmiqyaslı müharibənin başlayıb-başlamayacağı daha çox iki amildən asılıdır: “Hizbullah”ın cavabının hansı səviyyədə olması və İsrailin buna verəcəyi reaksiyanın sərtliyi. Əgər cavab simvolik və məhdud çərçivədə olarsa, genişləndirilmiş müharibə ehtimalı azalar. Lakin cavab İsrailin daxilinə ciddi zərbələrlə müşayiət olunarsa, münaqişə yenidən 2023–2024-cü illərdəki kimi açıq hərbi toqquşmaya çevrilə bilər.
Ümumilikdə, vəziyyət bir daha göstərir ki, İsrail–”Hizbullah” xətti Yaxın Şərqdə ən həssas və sürətlə alovlana bilən qarşıdurma nöqtəsidir. Son hadisə müharibə riskini artırır və qarşıdakı günlər hər iki tərəfin atacağı addımlar baxımından həlledici olacaq”.
Nurlan Cəfəri












