İstanbulda “Oktan” Türk Təşkilatının təqdimatı KEÇİRİLDİ – FOTO
“Oktan” Türk Təşkilatı Türk dünyasında birlik və həmrəyliyi gücləndirmək məqsədilə keçirdiyi təqdimat mərasimi İstanbulda təşkil edib.
Yenicag.az xəbər verir ki, tədbirdə təşkilatın yaradılma məqsədi, fəaliyyət sahələri və gələcək vizyonu ictimaiyyətə təqdim olunub.
Təşkilatın sədri Rauf Babacan çıxışında “Oktan”ın üç əsas struktura əsaslandığını bildirib. Bunlar Strateji Düşüncə Mərkəzi, Patronlar Klubu və mədəni-sosial layihələrdir. Babacan qeyd edib ki, Patronlar Klubu Türk iş dünyasını bir araya gətirəcək, Strateji Düşüncə Mərkəzi akademiklər və tədqiqatçılarla gələcəyə yönəlmiş siyasətlər formalaşdıracaq, gənclər və qadınlara yönəlmiş sosial layihələr isə prioritet sahələrdən olacaq.
Təqdimat gecəsi Türk dünyasının önəmli nümayəndələrinin iştirakı ilə diqqət çəkib. Tədbirə Qırğızıstanın Türkiyə səfiri Ruslan Kazakbayev, TÜRKSOY Baş katibinin müavini Sayit Yusuf, Kərkük millət vəkili Erşad Salihi, TÜMKİAD sədri Nihat Tanrıkulu, AK Parti İstanbul İl Başqan Yardımçısı və Türk Dünyası Komissiyası sədri Aydoğan Akın, Qazaxıstan və Özbəkistan səfirləri, həmçinin Bolqarıstan, Qırğızıstan və Rusiya konsulları qatılıb.
Ruslan Kazakbayev çıxışında Türk dünyasını birləşdirən layihələrdə iştirak etməkdən məmnun olduğunu və gələcək təşəbbüslərdə təşkilatın dəstəkçisi olacağını vurğulayıb. R. Babacan isə bildirib ki, türk dövlətləri nə qədər birlik nümayiş etdirərsə, o qədər güclü olacaq. Tədbirdə həmçinin Qarabağ zəfərinin və Zəngəzur koridorunun Türk dünyasının ticarət və digər əlaqələrinə yol açdığı qeyd olundu. Kərkük türklərinin lideri Elşad Salihi isə bu tədbirin Türk dünyası üçün önəmini vurğuladı.
Təqdimatda Türk dünyasının birliyinə dəstək verən digər şəxslər də iştirak edib. 15 İyul Dərnəyi sədri İsmayıl Hakkı Turunç, Yenidən Rəfah Partiyası İl sədri Nuri Özata, ASİAD sədri Yücel Yalçınkaya, Esenyurt Bələdiyyə Başçısı müavini Ümit Ünal, Belarus Konsulu İlya Anraçanka və Rusiya konsulları Aman Duyalov və Adrian Andiranov. Onların iştirakı təşkilatın vizyonunu gücləndirib və gələcək layihələr üçün verdikləri dəstək yüksək qiymətləndirilib.
Tədbirdə Azərbaycan, Özbəkistan, Qazaxıstan, Türkiyə, Pakistan və ABŞ-dən iş adamları da iştirak edib. Azərbaycan, Özbəkistan, Təbriz və Kərkük Türk dərnəkləri stendlərində regional geyimlər, şirniyyatlar və musiqi alətləri nümayiş etdirərək mədəni zənginliyi təqdim ediblər.
Gecə Türk dünyasından olan sənətçilərin konsertləri və milli rəqs nümayişləri ilə başa çatıb. Təqdimat “Oktan” Türk Təşkilatının Türk dünyasında birləşdirici və mədəni körpü rolunu bir daha nümayiş etdirib.