İşxanyan məhkəmədə Polad Həşimovdan danışdı: “Eşitdiyimə görə, yaxşı insan olub”
“Eşitdiyimə görə, həm yaxşı hərbçi, həm də yaxşı insan olub”.
Yenicag.az xəbər verir ki, bunu Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin barəsində olan cinayət işləri üzrə açıq məhkəmə prosesinin baxış iclası zamanı Davit İşxanyan deyib.
Təqsirləndirilən şəxs Davit İşxanyan şəhid Polad Həşimovun həlak olması barədə sual verərkən “Eşitdiyimə görə, həm yaxşı hərbçi, həm də yaxşı insan olub” deyib və hadisənin gecə, yoxsa gündüz saatlarında baş verməsini soruşub.
Zərərçəkən şəxs isə hadisənin gündüz baş verdiyini bildirib.
Zərərçəkmiş şəxs Məhəmmədəli İmanov deyib ki, yaşadığı Ağdam rayonunun Mahrızlı kəndi mütəmadi olaraq Ermənistan silahlı qüvvələrinin atəşlərinə məruz qalıb.
“2016-cı il aprelin 27-də axşamdan yenə atəşlər başlayıb. Gecə saatlarında oğlu Anar, qonşusu Siyasət və Ədalətlə birlikdə digər qonşusu Teyyubun evinə gediblər. Aprelin 28-də saat 5 radələrində Teyyubun evinə mərmi düşüb partlayıb, nəticədə o, başından xəsarət alıb”, – deyə M.İmanov qeyd edib.