Azərbaycan və İtaliya Xarici İşlər Nazirlikləri arasında ikinci konsulluq məsləhətləşmələri keçirilib.
XİN-dən Yenicag.az-a verilən məlumata görə, İtaliya nümayəndə heyəti öncə Azərbaycan xarici işlər nazirinin müavini, səfir Nadir Hüseynovla görüşüb.
Görüş zamanı iki ölkə arasında siyasi, iqtisadi, energetika və digər sahələrdə uğurla inkişaf edən münasibətlər barədə müzakirə aparılıb.
Daha sonra Azərbaycanla İtaliya arasında diplomatik əlaqələrin yaradılmasının 26-cı ildönümünün qeyd edildiyi əlamətdar gündə keçirilən konsulluq məsləhətləşmələri açıq elan edilib.
Məsləhətləşmələrdə Azərbaycan nümayəndə heyətinə Azərbaycan Xarici İşlər Nazirliyinin Konsulluq İdarəsinin rəisi, səfir Faiq Bağırov, İtaliya nümayəndə heyətinə isə İtaliya Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyinin Xaricdə yaşayan İtalyanlar və Miqrasiya Siyasəti İdarəsinin rəisi, səlahiyyətli nazir Luigi Vignali rəhbərlik edib. Görüşdə həmçinin İtaliyanın Azərbaycandakı səfiri və nümayəndə heyəti, eləcə də Azərbaycanın Daxili İşlər Nazirliyi, Təhsil Nazirliyi, Dövlət Miqrasiya Xidməti və Dövlət Sərhəd Xidmətinin nümayəndələri iştirak edib.
Konsulluq məsləhətləşmələri zamanı Azərbaycan üçün mühüm tərəfdaş ölkə olan İtaliya ilə konsulluq sahəsində əməkdaşlığın cari vəziyyəti və inişaf perpektivləri, o cümlədən yeni sazişlərin imzalanması imkanları nəzərdən keçirilib.
Konsulluq sahəsini tənzimləyən milli qanunvericilikdə həyata keçirilmiş son dəyişikliklər barədə məlumat mübadiləsi aparan tərəflər həmçinin İtaliya və Azərbaycan arasında təhsil sahəsində əlaqələrin gücləndirilməsinin və bu məqsədlə vətəndaşların hüquq və vəzifələrinin həyata keçirilməsi istiqamətində dolğun və düzgün məlumatlandırılmasının vacibliyini vurğulayıblar.
Səfir Faiq Bağırov Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə aparılan danışıqlar prosesi barədə söz açaraq, münaqişənin BMT Təhlükəsizlik Şurasının qətnamələrinin tələbləri əsasında və Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyi çərçivəsində həll edilməli olduğunu diqqətə çatdırıb. Həmçinin, Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərinə rəsmi Bakının razılığı olmadan icazəsiz səfərlərinin və qeyri-qanuni iqtisadi və digər növ fəaliyyətlərin qarşısının alınması üçün İtaliya Respublikası səlahiyyətli dövlət orqanları tərəfindən zəruri tədbirlərin görülməsi ilə bağlı müzakirələr aparılıb.
Səfir Faiq Bağırov həmçinin beynəlxalq təşkilatlar müstəvisində əməkdaşlıq çərçivəsində Azərbaycanın Expo-2025-ə ev sahibliyi etmək üçün müraciət etməsi barədə İtaliya tərəfində məlumat verib.
www.yenicag.az