“Bizim rəy bildirməyimiz yanlış anlaşılmaya səbəb ola bilər”.
Bu fikirləri Yenicag.az-a açıqlamasında İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktorluğuna namizədləri dəyərləndirən Şirkətin Yayım Şurasının üzvü Azər Həsrət deyib.
Onun sözlərinə görə, istənilən şəxs sözügedən vəzifəyə namizədliyini irəli sürə bilər:
“İTV sədrliyinə namizədlərin nə dərəcədə optimal olduğunu indidən söyləmək çətindir. Çünki biz hələ Yayım Şurasının iclasında onların hər birinin bioqrafiyalarına tək-tək baxacağıq.
Nəzərə alaq ki, Yayım Şurası təqdim olunan ərizələri qəbul etməyə məcburdur – qaydalara görə, istənilən şəxs öz namizədliyini irəli sürə bilər və edilən müraciətlərə də mütləq baxılmalıdır.
Qarşıdakı günlərdə keçiriləcək iclasda namizədlərin ərizələri ilə bağlı qiymətləndirmə apara və konkret qərar verə biləcəyik. Ancaq indidən irəli qaçaraq, hər hansı fikir bildirmək istəmirik. Bizim rəy bildirməyimiz yanlış anlaşılmaya səbəb ola bilər”.
Azər Həsrət İTV sədrliyinə bəzi iddialıların süni namizəd kimi qarşılanmalarına da münasibət bildirib:
“İctimai Televiziya və Radio haqqında istənilən şəxsə namizədliyini irəli sürmək hüququ verir. Belə bir imkan qanunla tanındığı üçün onlar da namizədliklərini veriblər.
Əlbəttə, o şəxslərin sədrlik uğrunda mübarizə aparmaq üçün hüquqi əsaslarının olub-olmaması onların özlərinin iştirakı ilə ərizələrin dəyərləndirilməsindən sonra məlum olacaq.
Mümkündür ki, bəzi namizədlər indi başqa sahələrdə işləsələr də, ola bilsin daha əvvəl televiziyada çalışıblar. Belə nüanslar da ola bilər. Bütün namizədlər dəyərləndirildikdən sonra heç bir kənar şəxsin iştirakı olmadan səsvermə proseduruna başlanacaq”.
Yayım Şurası üzvlərinin sözlərinə görə, İTV sədrliyinə seçkilər ən qısa müddətdə keçiriləcək:
“Bu barədə hələlik qərar verilməyib. Yayım Şurasının dünənki iclasında belə qərara aldıq ki, ərizələrin qəbul müddəti artıq başa çatdığına görə yaxın bir neçə gün ərzində yenidən toplanaq və direktor seçkiləri keçirilsin”.
Qeyd edək ki, İctimai Televiziya və Radio Yayımları Şirkətinİn baş direktoru vəzifəsinə aşağıdakı şəxslər öz namizədliklərini irəli sürüblər:
1. Abbasov Rauf Müzəffər oğlu – Gəncə regional fövqəladə hallar və mülki müdafiə şöbəsi, rəis müavini)
2. Abbasov Səbuhi Mübariz oğlu – 7news.az saytı, baş redaktor
3. Mehrəliyeva Şəfəq Akif qızı – ADA Universiteti, aparat rəhbəri
4. Mehtiyeva Rahilə İbrahim qızı – Elit informasiya agentliyi, MMC baş direktor
5. Xəlilova Qərənfil Əli qızı – Hazırda işsizdir
6. Qarayev Sadıq Qurban oğlu – AMEA Mərkəzi Nəbatat Bağı, elmi işçi
7. Qasımov Balakişi Ələkbər oğlu – İctimai Televiziya və Radio Yayımları Şirkəti, baş direktorun müavini
A.Zeynalov
www.yenicag.az