Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

Jurnalistika fakültəsi və Bilik Fondu arasında niyyət sazişi imzalandı

Bu gün Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsi ilə Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondu arasında niyyət sazişi imzalanma mərasimi keçirildi. Jurnalistika fakültəsində baş tutan tədbirdə qeyd edildi ki, bu sənəd fakültənin professor-müəllim heyəti və tələbələri üçün yeni imkanlar açacaq.

Jurnalistika fakültəsinin dekanı Vüqar Əliyev bildirdi ki, niyyət sazişinə əsasən müəllimlər və tələbələr Fondun həyata keçirdiyi layihələrdə iştirak etmək imkanı qazanacaq:

“Eyni zamanda Bilik Fondu ilə birgə tələbə klubu yaradılacaq və onun nəzdində qəzetin nəşr olunması nəzərdə tutulub. Niyyət sazişində digər məsələlər də nəzərdə tutulub ki, bu işlər gələcəkdə həyata keçirildikcə ictimaiyyətə açıqlanacaq. Onu da qeyd edim ki, Bilik Günü Bilik Fondu ilə belə bir sənədin imzalanması gələcək fakültəmiz üçün yeni imkanlar açacaq”.

Bilik Fondunun sektor müdiri Xatirə Hüseynova fondun fəaliyyəti barədə məlumat verdi. O vurğuladı ki, ölkə ərazisində geniş maarifləndirmə işləri əsasən Bilik Fondu tərəfindən həyata keçirilir:

“Kütləvi maarifləndirmə tədbirləri çərçivəsində paytaxtda fəaliyyət göstərən xeyli sayda müəllim bölgələrdə mühazirələrlə çıxış edir. Çox istərdim belə kütləvi tədbirlərimizdə Jurnalistika fakültəsinin müəllimləri də yaxından iştirak etsin. Məhz, bu gün imzalanacaq niyyət sazişinin əsas məqsədlərindən biri də budur. Eyni zamanda əminəm ki, fakültənin tələbələri Bilik Fondunda təcrübəyə cəlb olunacaq və burada onlar geniş təcrübə əldə edəcəklər”.

BDU-nun mətbuat xidmətinin rəhbəri Pərvanə İbrahimova Jurnalistika fakültəsi ilə Bilik Fondu arasında imzalanacaq niyyət sazişinin əhəmiyyəti barədə qeyd etdi və bu işdə hər iki tərəfə uğurlar arzuladı.

Daha sonra BDU-nun Jurnalistika fakültəsi və Bilik Fondu arasında niyyət sazişi imzalandı.

www.yenicag.az

469