“İmzalanan müqavilələr sonra yarana biləcək problemlərin hüquq müstəvisində həllinə yol açır”.
Bu fikirləri karqo xidmətlərinin göstərilməsində yaranan çətinliklərin səbəblərinə toxunan Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin (SHAM) sədri Xəyal Bəşirov Yenicag.az-a açıqlamasında deyib.
Onun sözlərinə görə, bu sahədə vətəndaşların hüquqlarının gömrük məmurları və digər vəzifəli şəxslər tərəfindən pozulması hallarına rast gəlinir:
“Ölkənin vətəndaşları olaraq, hər birimiz müəyyən olunmuş hüquqlarımızdan istifadə edirik. Karqo xidmətlərindən istifadə müvafiq qanunlarla tənzimlənən məsələdir. Ancaq vətəndaşlar bəzi hallarda, xüsusilə, gömrük prosedurlarının həyata keçirilməsində müəyyən çətinliklərlə üzləşirlər.
Bəzən gömrük əməkdaşları və digər vəzifəli şəxslər vətəndaşların hüquqlarının pozulması ilə nəticələnən situasiyalar yaradırlar. Məsələn, insanlar bütün gömrük prosedurlarından keçsələr də, yersiz bürokratik əngəllərlə qarşılaşırlar.
Əslində, karqo şirkətləri ilə bağlı məsələlərə nəzər salsaq, həmin qurumlarla vətəndaşlar arasında müqavilələr imzalandığı qeyd olunmalıdır. Bu müqaviləyə əsasən, tərəflər öz üzərlərinə müəyyən öhdəliklər götürürlər. İmzalanan müqavilələr sonra yarana biləcək problemlərin hüquq müstəvisində həllinə yol açır.
Anlaşma zamanı məhsullar sığortalanır və prosesdə şirkətin məsuliyyət daşımadığı problemlər ortaya çıxarsa, o halda sığorta imkanlarından istifadə edilir. Bununla belə, müqavilə üzrə öhdəliklərin icra edilməməsi hallarına da tez-tez rast gəlinir. Belə hallar daha çox onlayn ticarət zamanı qeydə alınır. Bu da insanların öz hüquqlarını lazımi səviyyədə bilməmələrindən qaynaqlanır.
Gömrükdə yaranan süni problemlərə gəldikdə isə bu, sözügedən sahəyə cavabdeh olan Dövlət Komitəsi ilə əlaqədar məsələdir. Son zamanlar bu qurumda bir sıra ciddi dəyişikliklər həyata keçirilib və yeni sistem formalaşdırılıb. Fikrimcə, insanlar artıq komitənin internet resurslarından istifadə edərək qarşılaşdıqları problemlərin həllinə nail ola bilərlər”.
Yusif Səmədzadə