“Avtomobili sığortalamaq şirkətə sərf etmirsə, özünü riskə atmır”.
Bu sözləri sığorta şirkətlərinin kiçik mühərrikli minik avtomobillərin icbari sığortasını həyata keçirmək istəməməsinin səbəbləri haqqında danışan nəqliyyat eksperti Aslan Əsədov Yenicag.az-a açıqlamasında deyib.
Onun sözlərinə görə, yol qəzalarının artması sığorta şirkətlərini daha ehtiyatlı qərar verməyə məcbur edir:
“Əvvəlki illərdə sürücülər bu cür problemlə üzləşmirdilər. Sığorta şirkətlərinin bu qərarı son dövrləri əhatə edir. Çünki kiçik mühərrikli minik avtomobilləri sığorta şirkətlərini zərərlə işləməyə məcbur edir. Ona görə də sığorta şirkətləri daha çox iri mühərrikli, az yol qəzası törədən və problemsiz avtomobillərin sığortasında maraqlıdır. Kiçik mühərrikli minik avtomobillərinin sığortası zamanı şirkət xırda ödənişlər etsə də, ümumilikdə prinsipiallığı aşağı salır, lakin demək olmaz ki, şirkətlər bütün kiçik mühərrikli minik avtomobillərini sığorta etməkdən imtina edir. Sadəcə olaraq şirkət avtomobillərin kateqoriyasına və markasına uyğun qərar verir. Avtomobilin sığorta olunan zaman indiyə kimi qəza törədib-törətməməsi sığorta məsləhətçisi tərəfindən araşdırılır.
Ümumilikdə, sığorta ilə bağlı problemin və sürücü narazılıqlarının qarşısını almaq üçün qaydalara əməl etmək vacibdir. Sürücülər mümkün olduğu qədər yol qəzası törətməkdən qaçmalıdırlar. Faktiki olaraq bu ilin ilk ayından yol qəzalarının sürətlə artması müşahidə olunur. Hətta bir çox yol qəzaları mətbuatda işıqlandırılmır. Nəzərə alaq ki, sığorta şirkətləri kommersiya təşkilatıdır və öz mənafeyini güdür. Ona görə də avtomobili sığortalamaq şirkətə sərf etmirsə, özünü riskə atmır. Bu vəziyyət başadüşüləndir”.
Gülşən Şərif
www.yenicag.az