Karyera seçimində çətinlik çəkənlərin nəzərinə: “2023-cü ildə bu peşələr üzrə…”- ARAŞDIRMA

Son iki il ərzində rəqəmsal bacarıqlara əsaslanan profillərlə bağlı iş imkanlarında böyük artım müşahidə olunub. Bu fürsətlər gələcək illərdə daha çox şaxələnmə sahəsinə malik olan texniki vəzifələrdən tutmuş maliyyə vəzifələrinə qədər dəyişir. Ümumiyyətlə uğurlu karyera yolu düzgün peşə seçimindən başlayır.

Yenicag.az 2023-cü ildə də öz populyarlığını qoruyan və ən çox tələb olunan iş seçimlərinin siyahısını təqdim edir.

Son illərdə tanınan proses mühəndisliyi peşəsi kimyəvi, fiziki və bioloji proseslərin dizaynı, nəzarəti və optimallaşdırılmasına diqqət yetirir. Proses mühəndisi bir çox sənaye şirkətlərində işləyə bilər. Bu peşənin ümumi gəliri isə 800-1300 manat arasında dəyişir.

Bir çox şirkətin ehtiyac duyduğu professional marketinq direktorları bütün inkişaf etmiş ölkələrdə tələb olunur. Marketinq direktoru təşkilatların gəlirlərinin artırılmasına cavabdehdir. Bu şəxslər biznes yaratmaq üçün birbaşa məsuliyyət daşıyır və bu səbəbdən yüksək maaş alırlar. Marketinq direktoru peşəsində işləyən şəxs bir ay ərzində 1900-4000 manata qədər qazana bilir.

ABŞ-də aparılan araşdırmalara görə, pandemiyadan sonra kibercinayətlər xeyli artıb. Belə olduğu halda, bu problemləri həll etmək şəbəkə təhlükəsizliyi üzrə mütəxəssislərin üzərinə düşür. Bu peşədə işləyənlər şirkətlərin, eləcə də onların müştərilərinin və tərəfdaşlarının daxili məlumatlarının qorunmasını təmin edir. Şəbəkə təhlükəsizliyi üzrə mütəxəssislər il ərzində 30-50 min manat aralığında qazanc əldə edir.

Hər zaman ehtiyac duyulan inşaat mühəndisliyi dövrümüzdə ən çox seçilən peşələrdəndir. İnşaat mühəndisləri yollar, körpülər, binalar və s. daxil olmaqla, tikinti işləri ilə məşğul olurlar. Bu peşə üzrə karyerasını davam etdirənlərin maaşı 800 manatdan başlayaraq 2000 manata qədər davam edir.

“Business Insider”in araşdırmasına görə, 2030-cu ilə qədər öz aktuallığını qoruyacaq karyera seçimlərindən biri də Data analitikadır. Data analitikası məna daşımayan məlumatdan müəyyən məqsəd üçün yararlı informasiya əldə edilməsini, bunun üçün lazımi üsul və metodları araşdıran elm sahəsidir. Data analitiklər müxtəlif yol və sistemlərdən istifadə edərək datanı götürür, onu analiz edir və nəticə barədə vizual hesabat hazırlayırlar. Azərbaycanda data analitiklər 750-1600 manata qədər qazanc əldə edir.

Şəhanə Paşa