Keçmiş məhkumların cəmiyyətə adaptasiya problemi necə həll olmalıdır? – Sosioloq
Sosial sferada narahatlıq doğuran başlıca problemlərdən biri də keçmiş məhkumların cəmiyyətə adaptasiya olunmasıdır. Dəfələrlə bu və ya digər formada şahidi olmuşuq ki, şəxs keçmişdə məhkumluğuna görə, hər hansı sahədə çalışa bilmir. Bir növ həmin insanları cəmiyyətdən təcrid edirlər, onları sıxışdırmağa çalışırlar. Çoxları düşünür ki, belə şəxslər yenidən cinayətə əl ata bilər.
Sosioloq Əhməd Mansurov Yenicag.az-a açıqlamasında mövcud problemi belə şərh etdi: “Cəzaçəkmə müəssisələrini tərk etmiş şəxslərin cəmiyyətə adaptasiya olunmasına bu şəxslərin ümumi problemlərinin mövcud olmasına baxmayaraq məsələyə fərdi yanaşsaq daha düzgün olardı. Bu sahədə mövcud problemlərdən danışarkən həmin şəxsin kriminal aləmə meyli, cinayət törətmə motivləri, cinayət törədərkən onun mövcud yaşı kimi, cəzanın müddəti və hətta cəzaçəkmə müəssisəsində olduğu əhatə və mühit kimi xüsusiyyətlər mütləq nəzərə alınmalıdır. Bəzən elə hallar da müşahidə olunur ki, ehtiyatsızlıqdan cinayət törətmiş şəxslərin müəssisəyə düşərkən kriminal aləmə meyli formalaşır və oranı tərk etdikdən sonra yeni cinayətlər törətməyə başlayırlar. Bu cinayətlər arasında oğurluq, xuliqanlıq, soyğunçuluq xarakterli cinayətlər üstünlük daşıyır.
Narkotik və psixotrop maddə istifadəçilərinin cəmiyyətə inteqrasiya olunması isə daha ciddi problemdir. Təsadüfi deyil ki, daha çox təkrar cinayətlər məhz onların arasında baş verir.
Cəzaçəkmə müəssisələrini tərk etmiş şəxslərin cəmiyyətə adaptasiya olunmasında ailənin də böyük rolu vardır. Təbii ki, ailənin həmin şəxslərə verdiyi dəstək heç nə ilə əvəz edilə bilməz. Ailədaxili və psxio-sosial problemlərin olması həmin şəxslərdə kriminal meyli artırır və nəticədə təkrar cinayət halları baş verir. Lakin ailənin və həmin şəxslərə yaxın olan insanların dəstəyi nəticəsində onların cəmiyyətə inteqrasiyası yüngülləşir. Daha bir vacib məsələ bu şəxslərin peşə-əmək vərdişlərinin inkişaf etdirilməsi və məşğulluq problemlərinin həllidir. Bu baxımdan işə götürənlər və sahibkarlar arasında maarifləndirmə işinin aparılmasına ehtiyac vardır. Hazırda müəssisələri tərk etmiş şəxslər işə düzələrkən məhkumluqlarını gizlətməyə məcbur olurlar. Bir sözlə biz cəzasını çəkmiş şəxsləri ayrıseçkiliyə məruz qoyaraq onları özümüzdən uzaqlaşdıraraq təkrar cinayət törətmə riskini artırırıq.
“Penitensiar müəssisələrdə cəza çəkməkdən azad olunmuş şəxslərin sosial adaptasiyası haqqında” qanunun mövcudluğuna və müəssisələri tərk etmiş şəxslərin cəmiyyətə adapatsiyası ilə bağlı Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurası və Gənclər Fondunun dəstəyi ilə həyata keçirilən müxtəlif layihələrin mövcudluğuna baxmayaq bu sahədə göstərilən sosial xidmətlər yetərli deyildir. Qanunda həmin şəxslərin cəmiyyətə adaptasiyası və onlara göstəriləcək sosial xidmətlər haqqında onların hüquqları izah edilmişdir. Lakin maarifləndirmə işləri ümumilikdə tam əhatə imkanlarını göstərə bilmir. Müəssisələri tərk etmiş şəxslərin cəmiyyətə adaptasiyası üçün bu sahədə sosial işçi institutu yaradılmalıdır. Ədliyyə sistemində sosial işçi institunun yaradılması prosesi cəzaçəkmə müəssisələrinin içərisindən başlanmalıdır ki, məhkumların adaptasiya prosesi tam əhatə edilsin. Bunun üçün ilk növbədə həbsxanaların maddi texniki bazaları artırılmalıdır. Maddi bazalara nümunə olaraq istehsalat obyektlərini göstərmək olar. Artıq istehsalatda çalışmış keçmiş məhkumun əmək-peşə biliklərinin formalaşmış bir vətəndaş kimi iş tapmağa və cəmiyyətə uyğunlaşmaqla bağlı daha üstün mövqe əldə edir. Bu sahədə fəaliyyət göstərə biləcək sosial işçilər isə məhkum azad olduqdan sonra hara müraciət edəcəyi hara gedə biləcəyi ilə bağlı qiymətləndirmə aparır və lazımi müdaxilə planı hazırlayır. Ailədaxili problemləri olan məhkumların ailəsi ilə görüş keçirərək onların yaşayış yeri və münasibətlərarası problemlemlərinin həllinə dəstək göstərir. Cəzaçəkmə müəssisələrini tərk etmiş şəxslərlə xidmət göstərəcək sosial işçi sisteminin yaradılması nəticəsində həmin şəxslərin öz hüquqlarını bilməsi və onlardan istifadə etməsi, məşğulluq probleminin həlli, təkrar cinayətlərin qarşsının alınması və onların cəmiyyətə adaptasiyası yüngülləşə bilər. Bu problemin həllində də cəmiyyətə dözümlülük və tolerantlıq nümunələrinin inkişaf etdirilməsinə ehtiyac vardır.
Təcrübə göstərir ki, müəssisəni tərk etmiş məhkumların böyük əksəriyyəti öz həyatını yenidən qurmağa, hər şeyi yenidən başlamaq haqqında düşünürlər. Cəmiyyətin bu prosesə dəstək verəcəyi halda yalnız onların adaptasiyası mümkündür. Biz istənilən sosial təhlükəli vəziyyətdə olan şəxsi özümüzdən kənarlaşdırdıqca onlar da cəmiyyətdən uzaqlaşaraq cəmiyyətin qurbanına çevrilir”.
Kamran/Yenicag.az