Kəşmir üstündə ÇƏKİŞMƏ: Hindistan və Pakistan arasındakı böhran necə YEKUNLAŞACAQ?
Pakistan və Hindistan arasında baş verən hadisələr ilk baxışda simvolik görünsə də, iqtisadiyyata konkret təsirlər göstərməyə başlayıb.
Yenicag.az xəbər verir ki, bunu Hindistan və Pakistan arasında yaranan gərginliyin iqtisadi təsirlərini təhlil edən “GlobalVillageSpace” nəşri yazıb.
Məqalədə bildirilib ki, Hindistan və Pakistan arasında yaşanan Kəşmir böhranı yalnız siyasi və hərbi gərginliklərlə məhdudlaşmır, eyni zamanda, iqtisadi sahədə də hiss edilən təsirlər yaradır.
Bildirilib ki, son vaxtlar Kəşmirdə baş verən ölümcül hücumlar iki ölkə arasında münasibətləri daha da gərginləşdirib. Hindistan Pakistana qarşı “transsərhəd terrorizmi” ittihamı ilə bir sıra diplomatik addımlar atıb. Rəsmi İslamabad isə bu iddiaları rədd edərək, cavab tədbirləri kimi Hindistanla ticarəti dayandırıb və öz hava məkanını bağlayıb.
Vurğulanıb ki, bu addımlar ilk baxışda simvolik görünsə də, iqtisadiyyata konkret təsirlər göstərməyə başlayıb. Hindistandan Avropa, Mərkəzi Asiya və Şimali Amerikaya olan uçuşların müddəti iki saata qədər artıb, bu da əlavə yanacaq sərfi, heyət və eniş xərcləri deməkdir. “Air India” bu səbəbdən bəzi marşrutları dəyişməli olub. Ekspertlər xəbərdarlıq edirlər ki, bu məhdudiyyətlər altı aydan çox davam edərsə, aviabiletlərin qiyməti kəskin şəkildə arta bilər.
Ticarət baxımından isə iki ölkə arasında əlaqələr əvvəldən zəif olduğundan Pakistanın Hindistanla ticarəti tamamilə dayandırması qlobal miqyasda böyük iqtisadi sarsıntı yaratmayacaq. Hindistan 2024-2025-ci illər ərzində Pakistana 450 milyon dollardan az məhsul ixrac edib ki, bunlar da, əsasən, əczaçılıq və şəkər məhsulları. Pakistandan isə yalnız 42 milyon dollarlıq, əsasən, meyvə-tərəvəz məhsulları (əncir, reyhan və s.) Hindistana idxal olunub.
Lakin dolayı yollarla həyata keçirilən ticarət əlaqələri bu qərardan daha çox təsirlənə bilər. Analitiklərin fikrincə, Pakistan və Hindistan arasında üçüncü ölkələr vasitəsilə – BƏƏ və ya Sinqapur – aparılan dolayı ticarətin həcmi 10 milyard dollara çatır. Bu marşrutlarla Pakistan Hindistandan əczaçılıq, kimyəvi maddələr, pambıq idxal edir, Hindistan isə oradan Himalay duzu və müxtəlif quru meyvələr alır. Bu baxımdan, böhranın uzanması regional ticarətə də əngəl törədə bilər.
Nəsimi Ələsgərli