"Bakıkart" dövri bitir? Avtobuslarda gediş haqqı artıq kartla ödənəcək – Rəsmi AÇIQLAMA
Bakı Metropolitenində artıq gediş haqqını NFC dəstəyi olan bank kartları, həmçinin Apple Pay və Google Pay vasitəsilə ödəmək mümkündür.
Sərnişinlər bu yeniliyi müsbət qarşılayır. Lakin hələlik ödəniş sistemi yalnız metro stansiyalarında tətbiq olunur, marşrut avtobuslarında isə istifadəsi mümkün deyil ki, bu da bəzi sərnişinlər arasında narazılığa səbəb olur.
Mövzu ilə bağlı Yenicag.az-a açıqlama verən “Bakıkart” müştəri xidmətləri üzrə baş mütəxəssis Mehriban Əhmədova bildirib ki, Bakı Metropoliteninin bütün stansiyalarında artıq gediş haqqını NFC dəstəyi olan yerli bank kartları, həmçinin Apple Pay və Google Pay vasitəsilə ödəmək mümkündür.
O qeyd edib ki, bu yenilik yalnız “Kapital Bank” müştərilərini deyil, bütün yerli bank sektorunu əhatə edir və digər bankların müştəriləri üçün də eyni imkanları təmin edir.
Mütəxəssis bildirib ki, bank kartı ilə ödəniş mexanizminin tətbiqi sərnişinlər tərəfindən rahatlıq və operativlik baxımından yüksək qiymətləndirilir. Alternativ ödəniş kanallarının mövcudluğu həm də şəhər nəqliyyatında rəqəmsal transformasiyanın sürətlənməsinə, həmçinin sərnişin məmnuniyyətinin artırılmasına xidmət edir.
“İlin sonunadək bütün marşrut avtobuslarında da NFC əsasında ödəniş sistemi tam şəkildə tətbiq olunacaq. Bu addım sayəsində sərnişinlər metro və avtobuslarda eyni rahat və vahid ödəniş mexanizmindən istifadə edə biləcəklər, ödəniş prosesi daha sürətli və şəffaf olacaq,” — deyə o qeyd edib.
Samir Məcid












