!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Kirayəşinlərin nəzərinə: Bu halda təzminat ödəyəcəksiniz

!Reklam – Yazi

Ötən gün Xırdalanda yaşayış binasında baş verən yanğın kirayəşinlərlə bağlı daha bir problemi gündəmə gətirdi. 10 nəfər bina sakininin təxliyə edildiyi hadisəyə səbəbkar alt mərtəbədəki qonşu olduğu bilindi. Sakinlərdən biri yerli mediaya açıqlamasında “kimə gəldi evi kirayə verirlər və dəymiş zərərin kim tərəfindən qarşılanacağı müəmmalıdır”, deyərək narazılığını bildirdi.

Bu konteksdə, maraqlıdır, kirayə verilən evlərdə bədbəxt hadisə olduğu təqdirdə, dəyən zərər kim tərəfindən qarşılanmalıdır? Bu məsələ necə tənzimlənir?

Yenicag.az xəbər verir ki, əmlak məsələləri üzrə ekspert Ramil Qasımzadə Globalinfo.az-a açıqlamasında hər kəsin öz evini sığortalamalı olduğunu bildirib:

“Bununla bağlı sığorta müqaviləsi var və bunun əsasında hər bir vətəndaş öz evini sığortalaya bilər.

Bədbəxt hadisələrdən qorunmaq üçün yalnız bu vasitə ilə hər hansı bir ziyan dəydikdə sığorta tərəfindən bu vəsaitin ödənilməsi təmin edilir, yəni 25 min manata qədər olduqda, 50 manata qədər icbari sığorta ilə ödənilir. Ondan yuxarı olduqda isə bununla bağlı müvafiq icra qurumları və ya məhkəmə tərəfindən qərar çıxarılarsa, bilavasitə günahkar olan şəxs dəyən zərəri ödəməlidir. Kirayəşin və ya ev sahibinin zərəri ödəməsi məsələsinə gəldikdə isə, burada günahkar şəxs kirayəşin olduğu üçün onun tərəfindən dəyən ziyan qarşılanmalıdır. Bunların hamısı isə kirayə müqaviləsində öz əksini tapır. Dəymiş ziyanın ödənilməsi birbaşa icarədarın üzərinə düşür. Ona görə də vətəndaşlar evini kirayə verərkən mütləq qaydada müqavilələr bağlamalıdırlar. Burada isə hər hansı baş verəcək halların sığortalanması üçün tərəflərin məsuliyyəti mütləq olaraq qeyd edilməlidir”.

Vəkil Turan Abdullazadə isə mülki qanunvericiliyə istinad edib. Onun sözlərinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir:

“Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki Məcəllənin 1109-cu maddəsində yanğının söndürülməsi zamanı əmələ gəlmiş zərərin əvəzinin ödənilməsi ilə bağlı müddəalar 2005-ci ildə Mülki Məcəllədən çıxarılıb. Həmçinin, Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Lakin oxşar münasibətləri tənzimləyən 1108-ci maddənin məzmunundan belə başa düşmək olar ki, yanğın zamanı başqa şəxslərə dəymiş zərərin əvəzini yanğının törənməsində təqsiri olan şəxs ödəyir. Belə ki, Mülki Məcəllənin 1108-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti – nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və ilaxır istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s. nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar”.

Vəkil bildirib ki, mənzil kirayəyə verilibsə və kirayəyə götürənin təqsiri ucbatından yanğın baş veribsə, məsuliyyəti mənzilin mülkiyyətçisi, yəni kirayəyə verən deyil, birbaşa zərər vuran şəxs daşıyır:

“Lakin kirayəyə verən şəxsin qarşı tərəflə kirayə müqaviləsi yoxdursa, işin rəngi dəyişə bilər. Çünki kirayə müqaviləsi yoxdursa, mülkiyyətçi mənzili kirayə verdiyini sübuta yetirməyə bilər. Üstəlik, bu halın mülkiyyətçinin səhlənkarlığı kimi qiymətləndirilməsi mümkündür. Zərərçəkən şəxs həm mənzil mülkiyyətçisinə, həm də kirayə götürənə qarşı məhkəmədə zərərin əvəzinin ödənilməsinə dair iddia qaldıra bilər”.

www.yenicag.az

67
!Crossmedia
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv