“İşığa doğru” filminin təqdimatı keçirilib - FOTOLAR
“Alternativ” Kommunikasiya Tədqiqatlar İctimai Birliyinin “Eşidilməyən səslər” layihəsi çərçivəsində “İşığa doğru” filminin və tədqiqat hesabatının təqdimatı keçirilib.
Yenicag.az xəbər verir ki, tədbirdə Milli Məclisin deputatları, Qeyri-hökumət təşkilatları rəhbərləri, vətəndaş cəmiyyəti nümayəndələri iştirak ediblər.

Tədbiri giriş nitqi ilə açan “Alternativ” Kommunikasiya Tədqiqatlar İB sədri Anar Yusifzadə film haqda məlumat verib. O bildirib ki, ekran işi Xocalı soyqırımı zamanı girov götürülmüş xanımın həyatından bəhs edir:
“Film ingilis dilinə də tərcümə olunacaq və burada əsas məqsəd müharibə qurbanı olmuş xanımın səsini dünyaya çatdırmaqdır”.
Filmin ssenari müəllifi Esmira Qasımova bildirib ki, yaddaşını itirən xalq məhvə məhkumdur və buna görə də xalqımızın yaşadığı dəhşətləri sənədləşdirmək vacibdir:
“Film 9 yaşlı qızın timsalında həmin insanların hayqırtısından bəhs edir. Biz burada təkcə dəhşətləri göstərməmişik, eyni zamanda dünyaya çağırış etmişik. Müharibə təkcə statistika deyil, eyni zamanda məhv olan həyatlar deməkdir. İstərdik ki, bu filmlə həm də sülhə çağırış edək”.
Daha sonra “İşığa doğru” filminin təqdimatı olub.
Milli Məclisin deputatı, İctimai birliklər və dini qurumlar komitəsinin üzvü Azər Allahverənov bildirib ki, Xocalı və digər soyqırımlarının şahidləri tərəfindən həmin hadisələrin xatırlanması mənəvi və psixoloji baxımdan son dərəcə çətindir:
“Məhz bu səbəbdən faciələri yaşamış insanlar bəzən baş verənləri məhdud şəkildə danışırlar, çünki həmin anları xatırlamaq onlar üçün olduqca ağırdır – sanki hadisələri yenidən yaşayırlar. Bununla belə, danılmaz bir faktdır ki, bu kimi faciəvi hadisələr xalqımızın yaddaşında dərin və ağrılı iz buraxıb. Qeyri-hökumət təşkilatlarının mühüm rolu ondan ibarətdir ki, bu hadisələri filmlər, kitablar və digər vasitələrlə tarixə həkk etsinlər”.
A. Allahverənov vurğulayıb ki, Prezident İlham Əliyev bir neçə gün əvvəl Qəbələdə keçirilən Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının XII Zirvə Görüşündə çıxışı zamanı qeyd edib ki, bölgədə ədalətin, sülhün və sabitliyin bərqərar olunması istiqamətində atılan addımlar Azərbaycanın irəli sürdüyü sülh gündəliyini bir daha təsdiqləyir.
“Bununla yanaşı, biz Ermənistanın işğalını heç vaxt unutmayacağıq. Bəli, 2020-ci ildə 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Zəfər və 2023-cü ildə həyata keçirilmiş dövlət suverenliyinin tam bərpası əməliyyatları nəticəsində Azərbaycan torpaqlarının 30 illik işğalına – işğalın zülmət qaranlığına – son qoyduq və inamla işıqlı sabahlara doğru addımladıq”, – A. Allahverənov diqqətə çatdırıb.
Milli Məclisin deputatı Hikmət Babaoğlu da film barədə düşüncələrini bölüşüb və ekran işinin olduqca uğurlu olduğunu bildirib.

Çıxış edən deputat Sevil Mikayılov da film haqda müsbət fikirlər səsləndirib. O, xalqımızın illərdir müharibə səbəbindən çəkdiyi əziyyətlərdən bəhs edib.

Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Mirzəyev çıxışında bildirib ki, bu kimi filmlər və kitablar Azərbaycan xalqının acılarını dünyaya çatdırmaq baxımında mühüm rol oynayır.

“Konstitusiya” Araşdırmaları Fondunun rəhbəri Əliməmməd Nuriyev filmin bir neçə dilə tərcümə olunmasını təklif edib. O bildirib ki, film həm də ədalətə çağırışdır.

Daha sonra “Alternativ” Kommunikasiya Tədqiqatlar sədr müavini Jalə Quliyeva Ermənistan işğalının qurbanı olmuş azərbaycanlı qadınların hüquqlarının pozulması, üzləşdiyi zorakılıq, məhrumiyyət və iztirabların onların sağlamlığı və sosial statusu üçün uzunmüddətli nəticələrini təhlil edən tədqiqat hesabatı təqdim edib.
O, müharibə qurbanı olmuş 50 qadın arasında sorğu keçirildiyini bildirib. Vurğulanıb ki, həmin qəhrəmanlar psixoloji, cinsi zorakılığa məruz qalıblar.
Həmçinin bildirilib ki, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində 3 990 nəfər itkin düşmüş şəxs kimi qeydiyyata alınıb. Onlardan 3 984 nəfəri ötən əsrin 90-cı illərində, yəni, birinci Qarabağ müharibəsində, 6 nəfəri isə 2020-ci ildə baş vermiş 44 günlük ikinci Qarabağ müharibəsində itkin düşüblər:
“3 990 nəfərdən 3 211 nəfəri hərbçi, 779 nəfəri mülki şəxslərdir. Mülki şəxslərdən 71 nəfəri yetkinlik yaşına çatmamış uşaq, 284 nəfəri qadın (25 azyaşlı qız), 316 nəfəri qocadır”.
Daha sonra tədbir müzakirələrlə davam edib.
Məlik Məlikov












