“Sanki son zamanlar kitaba qarşı bir aqressiya da yaranıb. Bu aqressiya özünü kitaba qarşı marağın az olmasında göstərir”.
Bu fikirləri Yenicag.az-a açıqlamasında təhsil məsələləri üzrə ekspert Rizvan Fikrətoğlu deyib.
Son zamanlar kitab oxumağa azalan marağın səbəbləri və kitaba vərdişi artırmağın yolları barədə danışan mütəxəssisin sözlərinə görə, biz o qədər inkişaf etmiş insanlarıq ki, ya bizim kitab oxumağa ehtiyacımız yoxdur, ya da ki, bizim o qədər qayğılarımız çoxdur, kitab oxumağa vaxt tapa bilmirik:
“Bəzən yorğun halda oxuduğumuz kitabın faydası belə olmur. Son zamanlar kitabların mövzularında da problem olduğunu görürük. Bəzən kitabı oxuduqdan sonra sonda nə oxuduğunu belə anlamırsan. Tolstoy, Dostoyevski istisna olmaqla, yeni yazıçıların kitablarını oxuyanda da bir nəticə əldə edə bilmirsən. Sanki son zamanlar kitaba qarşı bir aqressiya da yaranıb. Bu aqressiya özünü kitaba qarşı marağın az olmasında göstərir”.
R. Fikrətoğlu onu da qeyd edib ki, qısa bir araşdırma ilə kitabların tərtibində, keyfiyyətində və orijinallığında problemlərin olduğunu görə bilərik:
“Sanki nəşriyyatların əksəriyyəti kitabların tərtibinə də yaxşı yanaşmırlar və kitablar özünü elə bil ki, insanlara çəkmir. Bu yaxında 10-cu Bakı Beynəlxalq Kitab Sərgisi də keçirildi. Son zamanlar kitablar da bahalaşma yüksək səviyyədədir. Düzdür, bazar qiyməti ilə hesablasaq, kitabların qiyməti o qədər də baha deyil, amma sanki insanlar əziyyətlə qazandığı o pulu kitaba vermək istəmir. “Facebook”un rəhbəri Mark Zukerberq çıxışlarında deyir ki, 2 həftədə ən azı 1 kitab oxuyuram. “Microsoft”un qurucusu Bill Qeyts isə ilə azı 50 kitab oxuduğunu iddia edir. Amma onlar bunu mənəvi fayda üçün edirlər”.
“Sahəsindən, vəzifəsindən asılı olmayaraq, hər kəsin kitab oxumağa ehtiyacı var. Kitab oxumaq vərdişi tələbat halı almalı, hobbiyə çevrilməlidir. Kitab oxumaq vərdişini artırmaq üçün kiçik həcmli, maraq dairənizə uyğun olanlarından başlaya bilərsiniz. Burada sistemli və həvəsli olmaq lazımdır”, – deyə o, fikirlərini yekunlaşdırıb.
İsmayıl Bakuvi
www.yenicag.az