Koçaryan bu dəfə də YAXASINI SIYIRDI: “Paşinyanla görüşdən sonra...”
Ötən axşam Ermənistan parlamentində hakim “Vətəndaş Müqaviləsi” fraksiyasının qapalı iclasında bir sıra məsələlərlə yanaşı, deputat Andranik Koçaryanın davranışlarının araşdırılması üçün müvəqqəti etika komissiyasının yaradılması məsələsi də gündəmə gətirilib.
Yenicag.az xəbər verir ki, bu barədə “Joqovurd” nəşri məlumat yayıb.
Qəzetin partiya daxilindəki mənbələrinin verdiyi məlumata əsasən, Andranik Koçaryan öz məsələsinin gündəlikdən çıxarılmasını xahiş edib və fraksiya daxilində bu barədə müzakirələrin aparılmamasını istəyib. O, yaxın günlərdə Baş nazir Nikol Paşinyanla görüşəcəyini və yalnız bu görüşdən sonra fraksiya yoldaşlarının onun məsələsini müzakirəyə çıxara biləcəyini bildirib.
Qeyd olunur ki, fraksiya bu məsələni müzakirə etdikdən sonra səsvermə keçirilməlidir. Səsvermənin nəticəsinə əsasən, Koçaryanın davranışının araşdırılması məqsədilə etika komissiyasının yaradılıb-yaradılmamasına qərar veriləcək. Hazırda Andranik Koçaryan fraksiya daxilində özünə dəstək toplamağa çalışır. O, ehtimal olunur ki, bu dəfə də Paşinyanı öz lehinə inandıra biləcək.
Xatırladaq ki, bir neçə ay öncə də fraksiya onun mandatının ləğvini gündəmə gətirmiş, lakin Koçaryan Paşinyanı razı salaraq bu təşəbbüsün qarşısını almışdı. Həmin zaman o, 44 günlük müharibənin araşdırılması üzrə yaradılmış komissiyanın hesabatını təqdim etməli olduğunu əsas gətirmişdi. Halbuki komissiyanın fəaliyyət müddəti çoxdan başa çatıb və faktiki olaraq artıq fəaliyyət göstərmir.
Bildirilib ki, ötən gün fraksiya iclasında Koçaryan həmkarlarını inandırmağa çalışaraq bildirib ki, müxalifətin təqdim etdiyi təklifləri qəbul etmək düzgün deyil. Onun fikrincə, müxalifətin təşəbbüsü ilə etika komissiyasının yaradılması və öz davranışının orada müzakirə olunması parlament çoxluğu üçün məqbul sayılmamalıdır. Hər şey siyasi məqsədəuyğunluq çərçivəsində həll olunmalıdır.
Beləliklə, Andranik Koçaryan yenidən mandatını qorumağa çalışır və görünür ki, bu dəfə də Paşinyanı öz tərəfinə çəkəcək. Bu isə o deməkdir ki, hakim partiya, xüsusilə də Nikol Paşinyan Koçaryanın qeyri-etik davranışına görə tam məsuliyyət daşıyacaq.