“Köhnə dünya”nın təkrarladığı DEMARŞ: “Avropanın Cənubi Qafqazda təsir imkanları tamamilə…”
“Avropa İttifaqının “lokomotiv”ləri olan Fransa və Almaniya Cənubi Qafqazda yaranmış yeni reallıqlarla barışmaq istəmir”.
Bu fikirləri Avropa Şurası (Aİ) ilə Azərbaycan arasındakı artan gərginliyin mümkün nəticələri haqda danışan politoloq Tural Əliyev Yenicag.az-a açıqlamasında deyib.
Onun sözlərinə görə, Qərb Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi imzalanmasını əngəlləmək niyyətindədir:
“2023-cü il Azərbaycan ordusunun Qarabağda keçirdiyi antiterror tədbirlərindən sonra Qərblə Azərbaycan arasında münasibətlər tədricən kəskinləşməyə başladı. Azərbaycan əleyhinə aktivlik edən təşkilstlara Fransanın dirjorluq etdiyi heç kəsdə şübhə doğurmur. Görünür, Avropa İttifaqının “lokomotiv”ləri olan Fransa və Almaniya Cənubi Qafqazda yaranmış yeni reallıqlarla barışmaq.
Çünki belə olan təqdirdə biz məsələyə təkcə Qərb-Azərbaycan qarşıdurması və Ermənistan-Azərbaycan münasibətləri kontekstindən deyil, Cənubi Qafqazda Rusiya ilə Qərbin rəqabəti prizmasından yanaşa bilərik. Burada əsas niyyət regionda yeni cəbhə formalaşdırmaq və Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasına imkan verməməkdir. Çünki sülh müqaviləsi imzalanarsa, başqa güclərin münaqişə üzərindən bölgəyə daxil olmasının qarşısı alınacaq.
Bu baxımdan, Avropa Şurasının Parlament Assambleyasının və Avropa İttifaqının ali nümayəndəsinin Azərbaycana qarşı bu mövqeyini qabartmaqla, vəziyyəti gərginləşdirmək istəyirlər. Beləliklə, Ermənistanı da öz tərəfinə çəkərək sərhəddə gərginlik yaratmaq, Qarabağı könüllü surətdə tərk etmiş ermənilərin hüquqlarını ortaya atmaqla, əlində təzyiq aləti kimi Azərbaycana qarşı istifadə etməyə çalışırlar.
Göründüyü qədər, Azərbaycan nümayəndə heyətinin AŞPA-da səsvermə hüququndan məhrum edilməsi və Azərbaycanın da qarşılıqlı olaraq nümayəndə heyətinin fəaliyyətini dondurması münasibətlərdəıki gərginlik azalmağa başlayacaq. Yox, əgər bu proses baş verməyəcəksə, o zaman Avropa-Azərbaycan əlaqələrinə böyük zərbə dəyəcək. Azərbaycan Cənubi Qafqazın açar dövlətidir. Azərbaycanın yerləşdiyi coğrafi mövqe Qərbin istər Mərkəzi Asiya, sitərsə də İran və Rusiya ilə münasibətləri baxımından əhəmiyytəlidir.
Bu gərginliyin artmasından itirən tərəf Qərb olacaq. Qərb hər zaman vurğulayır ki, Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı rol əvəzsizdir. Digər tərəfdən isə mövcud ritorika və addımları bu fikirlə təzad yaradır. Avropanın digər dövlətləri öz mövqeyini ortaya qoymalıdırlar. Çünki böhran dərinləşərsə, Avropanın regionda təsir imkanları tamamilə azalacaq”.
Səxavət Məmməd
www.yenicag.az