Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

“Köhnə qvardiya”nın qürubu: Hərəkatçı nəsil siyasi meydanı təhvil verir

Reklam: Sinerji Pro

Azərbaycanın ən yeni tarixinin mühüm siyasi fiqurları hakimiyyət iddialarını yerə qoymaqdadırlar.

Prezident İlham Əliyevin aprelin 11-nə təyin etdiyi növbədənkənar prezident seçkiləri ölkənin gündəmini kökündən dəyişdi.

Dövlət başçısının biriləri üçün gözlənilən, digərləri üçünsə şok effekti yaradan bu gedişi ölkə siyasətində də yeni situasiya yaratdı.

Oktyabrı nəzərdə tutub “Hələ xeyli vaxt var” deyərək, qayğısızcasına günləri sayan müxalifətdəki bir çox partiya sədrləri növbədənkənar seçki qərarı ilə pat vəziyyətinə salındılar.

Edəcəkləri bir şey yoxdur – irəli çıxa bilmirlər, sağa yol bağlı, sola gediş mümkün deyil, arxaya dönmək də imkan xaricində. Bəli, buna şahmatda “pat” deyirlər. Yəni elə bir unikal vəziyyətdir ki, hətta mat da ondan şükürlü sayılır.

Növbədənkənar seçkinin elanından bir neçə gün əvvəl YAP-ın prezidentliyə namizədi baş nazirin müavini səviyyəsində elan edildi. Bununla da İlham Əliyevin prezidentliyə dördüncü dəfə namizəd olacağına şübhə qalmadı.

Müxalifətdən hakimiyyət namizədinin qarşısına çıxacaq alternativlər kimlər olacaqdı?

Zaman ardıcıllığı ilə baxaq. Müsavatın 2014-cü ilin sentyabrında keçirilmiş qurultayında başqanlıqdan gedən İsa Qəmbər partiyanın parezidentliyə namizədi elan olundu.

Vətəndaş və İnkişaf Partiyasının (VİP) 2017-ci ilin mayında baş tutan qurultayı sədr Əli Əliyevin prezidentliyə namizədliyini bəyan etdi.

Növbəti dönəmdə isə rəsmi qərarları olmasa belə, daha bir neçə müxalif siyasətçi prezidentlik iddiasını açıqladı. Onların sırasında Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlu və Liberal-Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyevi qeyd etmək olar.

Bu arada 20 ildir ki, Amerikada məskunlaşan Rəsul Quliyev və 10 ildir Almaniyada yaşayan Hüseyn Abdullayev (“Quska”) də prezident seçkilərində iştiraklarına dair qəti bəyanatlar verdilər.

Ancaq növbədənkənar seçkilərin təyin olunmasından sonra yaranan mənzərə bu iddiaların adi siyasi blef olduğunu göstərdi.

Xalq Cəbhəsi Partiyası (AXCP) və onun lokomotivi olduğu Milli Şura gözlənildiyi kimi boykota getdi. Onlar bu qərarlarını tanış “arqument”lərlə əsaslandırırlar: demokratik seçkilərə təminat verən normal mühit yoxdur.

Ancaq AXCP və Milli Şuranın rəhbərliyi 2013-cü ildə də analoji vəziyyət olduğu halda seçkilərə qatıldıqlarını deyəsən, “unudublar”. Həm də ötən 5 illə müqayisədə seçki planında ölkədə hansı dəyişikliklərin olduğu haqda suallar da AXCP lideri üçün “arzuolunmaz” qrifindədir.

Ötən həftənin şənbə günü isə müxalif elektoratın seçkilərdə iştiraka köklənmiş hissəsi gözləmədiyi sürprizlə üzləşdi. İddiasını hələ 4 il əvvəl elan etmiş İsa Qəmbər seçkilərə qatılmaqdan imtina etdi.

Elə həmin gün 2008 və 2013-cü il prezident seçkilərinin iştirakçısı olmuş İqbal Ağazadənin də 2018 “marafon”una qoşulmayacağı məlum oldu.

İsa Qəmbər bu qərarını hakimiyyətin “seçki keçirtmək istəməməsi”, Ağazadə isə “Nizamnamə proseduru” ilə pərdələməyə çalışdı.

Əslində isə boykot qərarlarının sadə səbəbi var. Bu seçkilərdə istər daxildən, istərsə də xaricdən “stavka” edilməyən siyasətçilər başqa yolun olmamasının fərqindədirlər. Doğrudan da bütün mənalarda acınacaqlı durumdur.

Yəni 2018-ci il növbədənkənar prezident seçkiləri müxalifətin birinci eşalon “köhnə qvardiyası”ndan heç kəsin qatılmadığı siyasi kampaniya olaraq, tarixə düşəcək.

Bu, həm də müxalifət adına bir dönəmin sonu və yeni qüvvələrin boşalmaq üzrə olan meydanı tutmaq üçün əldə etdiyi göydəndüşmə fürsət sayıla bilər.

Yeni adlandırılan qüvvələrin meydanı “götürmələri” onlara qarşıdakı dövrdə siyasi sistemə daxil olmaq üçün böyük imkan yaradacaq.

Bunu hər kəs dərk edir… Üzü qüruba gedən “köhnə qvardiya” da, bəxtinə gün doğduğunu hiss edən “yeni”lər də..

A.Zeynalov

www.yenicag.az

897
SFERA
VETENINFO
AZNEWS
INTERPRESS