“Kölgə müharibəsi”ndən açıq SAVAŞA – Tehran və Təl-Əviv “qırmızı xətlər”i AŞDI

media-hightechnic-468x90

İsrail və İran arasındakı gərginlik son illərdə misli görünməmiş səviyyəyə çatıb və genişmiqyaslı müharibə riski hər nə qədər prosesə pozitiv yanaşsaq da, ciddi şəkildə yüksəlib. Lakin bu münaqişənin başlanması və ya qarşısının alınması bir neçə kritik faktora bağlıdır. Hazırkı vəziyyəti düzgün anlamaq üçün həm hərbi, həm siyasi, həm də geosiyasi amilləri analiz etmək vacibdir.

media-whatsapp-gorsel-2025-06-13-saat-11-58-56_bde35717

İsrailin son illərdə İranın strateji obyektlərinə, xüsusilə nüvə və hərbi infrastrukturuna qarşı həyata keçirdiyi kəşfiyyat və hərbi əməliyyatlar, o cümlədən Natanz və Parçin kimi yerlərə zərbələr Tehran tərəfindən sərt cavab reaksiyaları ilə qarşılanıb. İranın pilotsuz uçuş aparatları ilə İsrailə qarşı hücumları və raket zərbələri artıq “kölgə müharibəsi”ndən açıq münaqişəyə keçidin siqnallarıdır. Hər iki tərəf qarşı tərəfin “qırmızı xətlər”ini aşmağa hazır olduqlarını nümayiş etdirir.

Bununla yanaşı, siyasi liderlərin daxili hesablama və məqsədləri də qarşıdurmanın dərinləşməsində mühüm rol oynayır. İsrailin Baş naziri Benyamin Netanyahu daxili siyasi mövqeyini gücləndirmək üçün eskalasiyanı alət kimi istifadə edə bilər. Digər tərəfdən, İranın ali dini lideri Seyid Əli Xamenei ölkəsinin nüfuzunu qorumaq və daxili sabitliyi təmin etmək üçün hərbi təzyiqlərə qarşı sərt cavablar vermək məcburiyyətindədir. ABŞ-nin regionda diplomatik vasitələrinin tükənməsi və İranın nüvə proqramı ətrafındakı dialoq kanallarının bağlanması da gərginliyin yumşalmasına imkan vermir və qarşıdurmanı dərinləşdirir.

Müharibənin baş verməsi üçün potensial təkanverici amillər də var. Məsələn, İsrailin İran daxilində yüksək səviyyəli hərbi və nüvə alimlərinə sui-qəsd etməsi “geri dönüşü olmayan nöqtə” kimi qiymətləndirilə, həmçinin İranın İsrailin böyük şəhərlərinə, xüsusilə Təl-Əviv və Hayfaya raket və ya dron hücumları nəticəsində mülki itkilərin çox olması İsrail rəhbərliyini tammiqyaslı və sərt cavab tədbirlərinə sövq edə, eyni zamanda, İranın proksi qrupları, o cümlədən Livandakı “Hizbullah”, Yəməndəki husilər və İraq-Suriya bölgəsindəki silahlı milislər regionda əlavə cəbhələr açaraq konfliktin daha da genişlənməsinə səbəb ola bilərlər.

Əgər müharibə genişlənərsə, İsrail hərbi aviasiyası F-35 qırıcıları və uzaqmənzilli raketlər vasitəsilə İranın nüvə obyektlərini məhv etməyə çalışacaq. İran isə ballistik raketlərlə yalnız İsrailin deyil, həmçinin ABŞ-nin regiondakı hərbi bazalarını da hədəfə alacaq. Bundan başqa, hər iki tərəf kiberhücumları intensivləşdirəcək, İsrail İranın elektrik və idarəetmə sistemlərinə, İran isə İsrailin liman, hava limanları və maliyyə infrastrukturuna zərbələr endirəcək. Odur ki, ən pis variantda körfəzdə dəniz toqquşmalarının baş verməsi, Hörmüz Boğazının bağlanması və enerji nəqliyyatına ciddi zərbə dəyərək regional təhlükəsizliyin daha da pozulması istisna edilmir.

Bununla belə, müharibənin qarşısını almaq üçün də mühüm faktorlar var. İran iqtisadi sanksiyalar və daxili narazılıqlar səbəbindən genişmiqyaslı müharibənin ağır yükünü daşımaqda çətinlik çəkir. ABŞ isə regionda eskalasiyanın qarşısını almaq üçün həm İsrailə, həm də İrana təzyiq göstərir, xüsusilə indiki dövrdə regional müharibədən yayınmağa üstünlük verir. İsrail isə “Dəmir Qübbə” sistemi və ordusunun məhdud imkanlarını, habelə mülki itkilərin artmasının siyasi və sosial təsirlərini nəzərə alaraq, riskləri diqqətlə hesablamağa çalışır.

İsrail-İran arasında genişmiqyaslı müharibə hazırda real görünməsə də, başda söylədiyim kimi, risklər çox yüksəkdir. Kiçik bir səhv, sui-qəsd və ya proksi münaqişədə yanlış addım regionu böyük və çoxşaxəli müharibəyə sürükləyə bilər. Eləcə də bu münaqişə yalnız iki ölkə arasında da qalmayacaq; Körfəzdəki ərəb dövlətləri, ABŞ, “Hizbullah” və hətta qlobal güclər – Rusiya və Çin kimi aktorlar da diplomatik və hərbi cəhətdən prosesə daxil ola bilərlər. Hazırkı vəziyyət hər iki tərəfin nəzarətli eskalasiya vasitəsilə çəkindirməyə inanıb-inanmaması və ya erkən, qətiyyətli zərbə endirmək məcburiyyətində qalmasından asılıdır. Odur ki, dünyanın diqqəti bu kritik dönəmdə regionun gələcəyinə yönəlib və kimsə nəyin olacağını bilmir.

Rafi Müslümov

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.06.2025

media-ziraat-160x600
media-ziraat-160x600