Kosmos əsrində internet böhranı: Əhalini soymağın texnologiyası

“Baktelekom” indi də əhalini “simsiz rabitə” variantı ilə “fırladır”…

Son bir neçə ildə dövlət resurslarından yetərincə bəhrələnən, özəllərə yetərincə mane olan və özəllərin on minlərlə müştərisini ələ keçirərək inhisarçı mövqe qazanan Aztelekom və Baktelecom dövlət operatorlarından xüsusi rejim şəraitində dəstək və güzəştlər gözləyirdik.

Lakin onlar interneti elə günə qoyublar ki, güzəştləri özlərinə qalsın, interneti istifadə üçün tam yararsız hala gətiriblər. İndiki şəraitdə evdə qalan, evdən işləmək və xidmət almaq məcburiyyətində olan dövlət məmurları, tələbələr və şagirdlər üçün, ümumiyyətlə hamı üçün internet çox vacib bir vasitəyə çevrilib. Daha böyük həcmdə və daha sürətli internetə ehtiyac var .

“AzTelekom” və “BakTelekom”dan tez-tez şikayətlər yazılır. Bu şikayətlər sadəcə istifadəçilərin deyil, həm də sektorda fəaliyyət göstərən özəl şirkətlərdəndir.

Belə ki, özəl provayderlər ADSL xidmətini göstərmək üçün məcburdurlar ki, Telekommunikasiya Qovşaqlarının binasından və onlara məxsus telefon xətlərindən istifadə etsinlər. “AzTelekom” isə kommersiya səlahiyyətləri olduğdu üçün özəllərin müştərilərini onların razılığı olmadan “AzTelekom” şəbəkəsinə keçirir. Məsələn, bir Biləcəri sakini bizə müraciət edib ki, “Azincom” adlı provayder ötən yay onların ərazisinə fiberoptik xətt çəkib, amma 2-3 gün sonra gəlib sakinlərə deyiblər ki, “Bakinternet” qoşmağa imkan vermədi, bura onların ərazisidir, ADSL-lə işlətməyə davam edəcəklər. İqtisadiyyat Nazirliyi isə bu inhisarçının bütün şıltaqlıqlarına göz yumur.

Müştəri oğurluğu və inhisarçılıq bir baş materialın mövzusudur. Bu gün dilə gətirmək istədiyimiz “simsiz rabitə” oyunbazlığıdır. İnternetin sürətinin yüksək olması üçün kabel kanalizasiya sistemindən istifadə olunmalıdır. Kabel kanalizasiya sistemi də dövlətin nəzarəti altındadır, yeraltı kabel kanalizasiya sistemindən özəl və dövlət provayderlərinin bərabər əsaslarla istifadəsi üçün şərait yoxdur. Şəraiti “Baktelekom” yaratmalıdır, o da yaratmır. Provayderlər öz müştərilərinin sayına uyğun olan sürəti vermirlər – az sürəti çox adama satırlar. Təəssüf ki, bu məsələlərə nəzarət yetərli səviyyədə deyil.

Ötən il Baktelekom köhnə xətləri yeni fiberoptik xətlərlə əvəzləməklə abonentlərə internetdən pulsuz yararlanmaq üçün modem də bağışlayırdı. Amma bu kampaniya yəqin ki, göz boyamaq üçün idi. İlk baxışdan bu yeni xidmətin telefon abonentlərinin xeyrinə olduğunu düşünmək olardı. Amma “Baktelekom”un təklif etdiyi internet xidməti, ümumiyyətlə, yerli-dibli işləmir. Nə evlərdə doğru-düzgün xidmət var, nə də şəhərin mərkəzindəki parklarda, dəmiryol vağzalında və digər yerlərdə quraşdırılan “free vayfay” zonalarında.

“Binə Sovxoz” ərazisindən şikayət yazan Sərxanov Natiq Sərxan oğlu bildirib ki, Baktelekom (Bakinternet) “simsiz rabitə” adı altında evinə intenet çəkib. 280 manat xərci çıxıb. İndi də ayda 15 manat verir. Amma hətta məsələn, ən yüngül saytları da aça bilmir, çünki 3 Mbit sürət əvəzinə 0,12 Mbit verilir. Yəni 25 qat zəif. Dəfələrlə şikayət edib 155-ə. Hər dəfə deyirlər ki, qeydə aldıq, gəlib baxacağıq, heç kim də gəlmir.

Bu sətirlərin müəllifi olaraq mən də eyni əziyyəti çəkirəm. Bir jurnalist üçün internet hava su qədər vacibdir. Lakin adi bir mətni belə sosial şəbəkə yazışması vasitəsilə ötürməyə gücü çatmayan internetlə hansı keyfiyyətli işdən danışmaq olar. Xətai rayon ərazisində fəaliyyət göstərən “Ultel” bildirir ki, evimizə 3 Mbit internet göndərilir. Bəs bu interneti yoldamı oğurlayırlar? Pulumuz da gedir, əsəbiləşməkdən canımız da.

Müqayisə üçün qeyd edək ki, Rusiyada, Belarusda hətta meşələrdə pulsuz və yetərincə sürətli internet xidməti göstərilir, stasionar ev telefonlarından mobil operatorlara zənglər ödənişsizdir. Bizdə isə ev nömrəsindən mobil nömrəsinə zəngin dəqiqəsi 30 qəpik olaraq dəyişməz qalıb. Bu yaxınlarda Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirinin keçmiş müavini Elmir Vəlizadə açıqlamasında ölkəmizdə internetin keyfiyyətsizliyinin, sürətinin aşağı olmasının və internetdə virusların yayılmasının modemlərin düzgün işləməməsi ilə əlaqəli olduğunu deyib. Bəs onda yeni modemlərə nə deyək, nə bəhanə tapaq?

Qarabağda “Ağıllı kəndlər”, şəhərlər salacağıq. Onlara da interneti bu gündə verəcəksiniz?

Cavabınız “hə”dirsə, düşməni bizə güldürməyin, “yox”dursa, o internetdən bizə də verin. Zatən sizə internet üçün dünyada ən yüksək qiyməti ödəyirik.

Bu arada yeni rabitə naziri Rəşad Nəbiyev Nail Mərdanovu “Baktelekom”a rəhbər təyin edib. N.Mərdanovun əvvəllər Rabitə Nazirliyində işlədiyini və sabiq nazir tərəfindən işdən çıxarıldığını nəzərə alsaq, yeni nazir sadəcə, Əlinin papağını Vəlinin başına qoyub. Görünür, N.Mərdanov köhnədən “kisə doldurmağı” yaxşı bacardığına görə bu etimada layiq görülüb.

P.S. Bir neçə gündür “Baktelekom”la əlaqə saxlamaq istəsək də, cəhdlərimiz boşa çıxdı. Bu qurum özünü o qədər arxalı hiss edir ki, sorğu-şikayəti də istehza ilə qarşılayırlar./bizimyol.info/

COP29